Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada fındıqçılıqda istifadə olunan kənd təsərrüfatı texnika və avadanlıqlarının sərgi-satış yarmarkası keçirilib

09 sentyabr 2021 | 16:00

Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) həyətində təşkil olunan yarmarkada nazirliyin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tabeliyində olan Zaqatala DAİM məntəqəsi, FAO, müxtəlif suvarma və mineral gübrələrin satış şirkətləri, həmçinin texnika satışı ilə məşğul olan şirkətlər və fermerlər iştirak ediblər.

Tədbirdə sahənin inkişafı üçün lazım olan texnikalar - traktorlar, gübrəsəpənlər, frezlər, dərmansəpənlər, innovativ budaq doğrayan aqreqatlar, qoşqu vasitələri və digər avadanlıqlar nümayiş olunub.

Sərgidə, həmçinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tabeliyində olan Zaqatala DAİM məntəqəsi tərəfindən fınqdıqçılığın inkişafı üçün yerli, xarici və qarışıq fındıq sortları nümayiş etdirilib. Mineral gübrələrin satışı ilə bağlı “Aqroservis” ASC və digər şirkətlər fındıqçılıqda istifadə olunan mineral gübrə və dərmanları sərgiləyiblər.

Yarmarkanın keçirilməsində əsas məqsəd fındıq bağlarında meyvələrin kütləvi yığımının vaxtında və itkisiz aparılması üçün istehsalçılara lazım olan yeni innovativ texnikalarla tanışlıq, ticarət şəbəkəsinin yaradılması, rəqabət mühitinin formalaşdırılması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, yeni innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığın artırılmasıdır.

Sərgi-yarmarkada iştirak edən fermerlərə fındıqçılığa dair yeni məlumatlar verilib və bu sahənin inkişafında istifadə olunan metodlar barəsində maarifləndirici söhbətlər aparılıb.

Keçidlər