“Zaqatala” qəzetinin 90 illik yubileyi qeyd olunmuşdur
Dekabrın 26-da Zaqatala rayon Mədəniyyət evində “Zaqatala” qəzetinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Yubiley tədbirində rayon rəhbərliyi, respublikanın tanınmış jurnalistləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Qəzetin əməkdaşları və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkına gələrək dahi şəxsiyyətin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Tədbir iştirakçıları mədəniyyət evinin foyesində “Zaqatala” qəzetinin ötən dövr ərzindəki fəaliyyətini əks etdirən sərgi ilə tanış olmuşlar. Yubiley tədbirinin əvvəlində bölgə qəzetinin keçdiyi şərəfli yoldan bəhs edən film nümayiş etdirilmişdir. Tədbiri “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimov açaraq 1923-cü ildə “Zaqatala kəndçisi” adı ilə fəaliyyətə başlayan bu mətbu orqanının həmin dövrdə Azərbaycanda ana dilində nəşr olunan 23 qəzetdən biri olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, zamanın tələblərinə uyğun olaraq qəzet sonrakı illərdə “Kolxozun səsi”, “Kolxoza doğru”, “Bolşevik kolxozu uğrunda”, Qırmızı bayraq” adları altında, nəhayət, 1991-ci ildən, Azərbaycan müstəqillik əldə etdikdən sonra “Zaqatala” adı ilə nəşr olunmağa başlamışdır. Bu illər ərzində qəzet 4 dəfə əlifba, 3 dəfə isə çap texnologiyasını dəyişmişdir. Bildirilmişdir ki, bölgə qəzetinin oxucular arasında şöhrət qazanmasında bir neçə nəsil yazarların fədakar əməyi olmuşdur. İlk qələm təcrübələrini bu qəzetdə sınayan çoxlu sayda jurnalist sonradan Azərbaycan mətbuatının tanınmış nümayəndələri kimi şöhrət qazanmışlar. Qeyd olunmuşdur ki, ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin jurnalist kadrlarının hazırlanmasına göstərdiyi böyük diqqət sayəsində Zaqatala jurnalistikası da perspektivli və istedadlı kadrlarla zənginləşmişdir. Müstəqillik illərində qəzetin fəaliyyətinə həmişə yüksək qiymət verilmiş, mətbu orqanının əməkdaşları müxtəlif fəxri adlara və mükafatlara layiq görülmüşlər. 2005-2006-cı illərdə qəzetin iki əməkdaşı “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına, Həsən bəy Zərdabi mükafatına layiq görülmüşdür. Bundan əlavə, qəzetin aparıcı yazarları son illər bir neçə dəfə fərdi jurnalist yazı müsabiqələrinin qalibi olmuşlar. Diqqətə çatdırılmışdır ki, hazırda “Zaqatala” qəzeti ayda 4 dəfə oxucuların görüşünə gəlir. 1973-cü ildə qəzetin 4 mininci, 2011-ci ilin sonunda isə 8 mininci sayı işıq üzü görmüşdür. Yubiley tədbirində Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Bakı Dövlət Universitetinin professoru, Prezident təqaüdçüsü Cahangir Məmmədli, tanınmış jurnalistlər Əhməd İsayev, İlqar Həsənov, ətraf rayonlardan gəlmiş media təmsilçiləri çıxış edərək bölgə mətbuatı arasında özünəməxsus dəst-xətti və üslubu ilə seçilən “Zaqatala” qəzetinin əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Qeyd olunmuşdur ki, qəzetin kollektivi mətbu sözün gücündən bacarıqla və peşəkarcasına istifadə etməklə zaqatalalıların dərin hörmətini qazanmış, Azərbaycan milli mətbuatına layiqli töhfələr vermişdir. Təqdirəlayiq haldır ki, qəzet aktual, oxucuları maraqlandıran mövzulara daim üstünlük verir. Qəzet dövlətçilik ideyalarının təbliğindən, zaqatalalıların müstəqilliyimizin möhkəmləndirilməsi üçün göstərdikləri fədakarlıqlardan, rayonun sosial-iqtisadi və mədəni həyatındakı yüksəlişindən bəhs edən yazıları ilə tariximizin şanlı salnaməsini yaradır. Çıxışlarda “Zaqatala” qəzetinin bundan sonra da Azərbaycan mediasındakı layiqli yerini qoruyub saxlayacağına, uğurlarını daha da artıracağına, yeni yaradıcılıq axtarışları ilə oxucularını sevindirəcəyinə əminlik ifadə olunmuşdur.
Yubiley tədbiri bədii proqramla başa çatmışdır.