Zaqatalada 11 min hektaradək sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır
Qısa müddətdə təsərrüfatlarda 1320 hektar sahədə yay şumu qaldırılıb və bu iş davam etdirilir. Səpin aparılacaq sahələrin şumlanmasına 72 şum traktoru cəlb olunub. Bu ilin payızında rayonda gələn ilin məhsulu üçün 11 min hektaradək sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, payızlıq bitkilərin səpininə sentyabrın üçüncü ongünlüyündə başlamaq nəzərdə tutulur.
Xatırladaq ki, builki mövsümdə zaqatalalı fermerlər 11 min 396 hektar taxıl sahəsindən 38 min 916 ton məhsul götürüblər. Hər hektara görə orta məhsuldarlıq 34,1 sentner təşkil edib.Taxıl istehsalı əvvəlki illə müqayisədə 3,8 min tondan çox artıb.