Zaqatalada iki uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilmişdir
Zaqatala rayonunun Əliabad qəsəbəsində və Aşağı Tala kəndində körpələr evi-uşaq bağçaları bərpa-gücləndirmə və əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimlərdə son illər rayonda məktəb və məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edilmişdir. Qeyd olunmuşdur ki, 2012-ci ilin mayında baş vermiş zəlzələ nəticəsində rayonda fərdi evlərlə yanaşı, sosial təyinatlı obyektlərə də ciddi ziyan dəymişdir. Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, rayonda zəlzələdən zərər görmüş 9 uşaq bağçasında dövlət vəsaiti hesabına bərpa-gücləndirmə və tikinti işlərinə başlanılmışdır. Həmin bağçalardan ikisi - Əliabad qəsəbəsindəki 4 nömrəli və Aşağı Tala kəndindəki 1 nömrəli uşaq bağçaları bu gündən qapılarını balacaların üzünə açır. Digər uşaq bağçaları da tezliklə istifadəyə veriləcəkdir. Mərasimlərdə çıxış edən valideynlər, yerli sakinlər zəlzələnin ciddi fəsadlar törətdiyi Zaqatala rayonunda qısa müddətdə müasir standartlara uyğun onlarla yeni məktəb binasının, uşaq bağçalarının tikilib istifadəyə verilməsini, bərpa və təmir olunmasını gələcəyimiz olan uşaqlara diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirmişlər. Sonra mərasim iştirakçıları uşaq bağçalarında yaradılan şəraitlə tanış olmuşlar. Hər iki bağça yeni inventar və avadanlıqla, o cümlədən yumşaq yataq dəsti ilə təmin olunmuş, uşaqlar üçün istirahət guşələri yaradılmışdır.