Görkəmli alim-numizmat Əli Rəcəblinin 94 yaşı tamam olur.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, professor Əli Rəcəblinin 94 yaşı tamam olur.
Əli Rəcəbli 1927-ci ildə Zaqatala rayonunda anadan olub. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirən Ə.Rəcəbli görkəmli alim Yevgeni Paxomovun məsləhəti və Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) direktoru, məşhur arxeoloq Saleh Qazıyevin təklifi ilə numizmatika ixtisası üzrə muzeyin aspiranturasına qəbul olub.
1953-cü ildən muzeydə kiçik elmi işçi olaraq fəaliyyət göstərən Əli Rəcəbli 1963-cü ildə “Səfəvilər dövlətində məskukat işi – XVI-XVIII əsrlər” (rus dilində) mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Tarix Muzeyinin elmi ekspozisiyasının yaradıcılarından olan, müəssisənin mövzu-ekspozisiya planlarının tərtibində, habelə respublikanın bir sıra diyarşünaslıq muzeylərinin (Naxçıvan, Zaqatala, Şamaxı, Gəncə və s.) mövzu-ekspozisiya planlarının tərtibi, ekspozisiyalarının montajı, eksponatların təyin və tədqiqi işinə bilavasitə iştirak edən Əli Rəcəbli 1970-ci ildə “Fədakar əməyinə görə” medalı ilə təltif edilib. O, muzeydə böyük elmi işçi vəzifəsində çalışdığı 1972-ci ildə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb.
1968-ci ildən muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri vəzifəsində işləyən Ə.Rəcəbli həm də pedaqoji fəaliyyət göstərərək ali məktəblərdə mühazirələr oxuyub. Onun müəllifi olduğu “Azərbaycan numizmatikası” (rus dilində) dərsliyi dəyərli əsərlərdəndir. “Azərbaycan numizmatikası” (rus dilində) mövzusunda doktorluq dissertasiyasını müdafiə edən Əli Rəcəbli Azərbaycanın numizmatik abidələrinə həsr edilmiş 100-dən artıq yerli və xarici elmi məqalələrin müəllifidir.
Ə.Rəcəbli bir sıra aspirant və dissertasiya işlərinə rəhbərlik edib. Onun uzun illər apardığı elmi axtarışlar və Numizmatika fondunda toplanmış materiallar əsasında yazdığı “Azərbaycan sikkələri”, “Azərbaycan Səfəvilər dövlətinin məskukat (sikkə) işi”, “Şirvanşahlar dövlətində sikkə zərbi”, “Qafqaz pulları”, “Sikkə dəfinələrinin izi ilə”, “Qaraqoyunlu və Ağqoyunlu sikkələri” kitablarında Azərbaycan numizmatikasından bəhs edilir.
Alim müxtəlif beynəlxalq seminar və konfranslarda məruzələr edib.
Professor Əli Rəcəbli əldə etdiyi elmi nailiyyətlərə görə 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2017-ci ildə A.A.Bakıxanov adına mükafata layiq görülüb