Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada arı ailələrinin sayı bir ildə 2 mindən çox artıb

29 iyul 2021 | 16:00

Cari ilin ötən dövrü ərzində Zaqatala rayonu üzrə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 34 min 37 arı ailəsi qeydiyyata alınıb. Hazırda rayonda 1482 təsərrüfatçı arıçılıqla məşğul olur. Arıçılığın inkişafına dövlət dəstəyinin nəticəsidir ki, bu ilin ötən dövründə rayonda arıçılıq təsərrüfatlarının sayı əvvəlki illə müqayisədə 37 təsərrüfat, arı ailələrinin sayı isə 2020 ailə artıb.
Bu barədə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Rəsul Razaqov məlumat verib.
Qurum rəsmisi bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, bu il Zaqatala rayonunda arıçılıqla məşğul olan təsərrüfatçılara dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 340 min 370 manat subsidiyanın ödənilməsi nəzərdə tutulur.
Sektor müdirinin sözlərinə görə, rayonun arıçılıq təsərrüfatlarında il ərzində 300 tonadək bal, 40 ton mum, 500 kiloqram çiçək tozu, 200 kiloqram vərəmum, 15 kiloqramadək arı südü və digər məhsullar istehsal olunur. Rayonun təbii iqlim şəraiti arıçılıq məhsulları istehsalının artırılmasına imkan verir.

Keçidlər