Şəki və Zaqatala rayonlarında I və IV ixtisas qrupları üzrə qəbul imtahanları beş mərkəzdə aparılıb
Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 28-də Şəki və Zaqatala şəhərlərində keçirdiyi I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb.
İmtahanların keçirilməsi üçün Şəki şəhərində 1, Zaqatalada isə 4 mərkəz ayrılıb. Qəbul imtahanları Şəki şəhərindəki 11 nömrəli tam orta, Zaqatala şəhərindəki 1 və 2 nömrəli tam orta məktəblərdə, Zərifə Əliyeva adına Texniki təmayüllü lisey və Qazangül qəsəbə tam orta məktəbdə təşkil olunub.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədənölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən verilən məlumata görə, Şəkidə keçirilən və 198 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 2 imtahan rəhbəri və 18 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 14 otaq ayrılıb.
Zaqatalada keçirilən qəbul imtahanında isə ümumilikdə, 748 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına isə 10 imtahan rəhbəri və 77 nəzarətçi müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 59 otaq ayrılıb.
Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.