Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunun Mazıx kəndinə təbii qaz verilmişdir

24 dekabr 2013 | 16:00

Zaqatala rayonunun Mazıx kəndinin sakinləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində dəyərli hədiyyə almışlar. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən kəndin qazlaşdırılması işi başa çatdırılmış və dekabrın 23-də kəndə təbii qazın verilməsinə başlanmışdır. Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı və “Azəriqaz” İB-nin nümayəndəsi sakinləri əlamətdar gün münasibətilə təbrik etmiş, əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmışlar. Bildirilmişdir ki, hazırda bu kənd də daxil olmaqla, rayonun 13 yaşayış məntəqəsinə təbii qaz verilir. Rayon üzrə abonentlərin ümumi sayı 12 minə yaxındır və əhali abonentləri üzrə qazlaşma 45 faiz təşkil edir. Əliabad qəsəbəsinin, həmçinin daha beş kəndin qazlaşdırılması istiqamətində işlər davam etdirilir.
Məlumat verilmişdir ki, Mazıx kəndinin qazlaşdırılması işinə cari ilin iyununda başlanmışdır. Bu məqsədlə polietilen və metal borularla 61 kilometr uzunluğunda orta təzyiqli qaz xətləri çəkilmiş, mənzillərdə sayğaclar quraşdırılmışdır. İki min nəfərdən artıq əhalinin yaşadığı bu kənddə 450 abonentə “mavi yanacaq” veriləcəkdir. Mərasimdə kənd ağsaqqalları, ziyalılar çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə sakinlər adından dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər. Qaz xəttinin açılışını bildirən məşəl alovlandırılmış və evlərə təbii qazın verilməsinə başlanmışdır.

Keçidlər