Zaqatalada Vətən müharibəsi qaziləri ilə görüş olub.
Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) kollektivi tərəfindən şəhidlərin ailə üzvləri və Vətən müharibəsinin qaziləri ilə görüşlərin keçirilməsi ənənə halını alıb. Müharibə qaziləri ilə növbəti görüş iyulun 10-da reallaşıb. Açıq havada, çay süfrəsi ətrafında keçirilən tədbirdə Vətən müharibəsi qazilərindən Məhəmməd Şəfiyev, Kamal Məmmədov, Ceyhun Abdullayev, Maksim Voskresenskiy, Məhəmməd Orucov, şəhid anası Əzizə Murtuzəliyeva, ziyalılar, MKS-nin əməkdaşları və gənclər iştirak ediblər.
Tədbirdə MKS-nin direktoru Gülniyar Məmmədova çıxış edərək, rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışıb, zəfərlə başa çatan Vətən müharibəsinin dövlətçilik tariximizin şanlı səhifələrindən biri olduğunu bildirib.
Vurğulanıb ki, Vətən müharibəsində erməni faşizmi üzərində tarixi Qələbənin qazanılmasında Zaqatalanın igid oğullarının da əməyi az olmayıb. Müharibənin ilk günlərindən böyük ruh yüksəkliyi ilə cəbhəyə yollanan zaqatalalı könüllü gənclər, həmçinin hərbi xidmətdə olan əsgər və zabitlər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşında şərəfli döyüş yolu keçib, qəhrəmanlıq göstəriblər. Xalqımız qəhrəman övladları ilə hər zaman fəxr edir.
Vətən müharibəsi qaziləri cəbhə təəssüratlarından, əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan söz açıblar. Qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.