“Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş zaqatalalı şəhidlərin ailələrinə ordenlər təqdim edilib
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölümlərindən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş Zaqatalanın mərd oğulları – kapitan Səmədov İsmayıl Məhəmməd oğlu və baş leytenant Bədəlov Valeh Vahid oğlunun ailələrinə ordenlər təqdim edilib.
Zaqatala Rayon İcra Hakimiyyətində keçirilən mərasimdə icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb, zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb. Bildirilib ki, ərazi bütövlüyümüz uğrunda başlanan savaşda Zaqatalanın qəhrəman oğulları da rəşadətlə vuruşub, şəhidlər veriblər. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur.
Sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş şəhidlərin ailələrinə vəsiqə və ordenlər təqdim edilib.
Şəhid atası Məhəmməd Səmədov çıxış edərək, Vətən uğrunda canlarından keçən övladları ilə hər zaman fəxr etdiklərini, şəhidlərimizin qanının yerdə qalmadığını, düşməndən amansız qisas alındığını vurğulayıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.