Zaqatalada Seyid Yəhya Şirvaninin təbliği seminarı keçirilmişdir
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (İB) Seyid Yəhya Şirvaninin (Bakuvi) vəfatının 550-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Bakı İslam Universitetinin Zaqatala filialında görkəmli mütəfəkkirin təbliği seminarını keçirmişdir. İctimai Birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Seyid Yəhya Şirvani (Bakuvi) irsinin bütün dünyada tanınmasından, Zaqataladan bu yolun davamçıları olan övliyalardan geniş söhbət açmışdır. Tədbirdə Seyid Yəhya irsinin yorulmaz tədqiqatçısı, Qafqaz Araşdırmaları İnstitutunun direktoru, dosent Mehmet Rıhtımın “Azərbaycandan Anadoluya Seyid Yəhya Şirvani məktəbi” mövzusunda elmi məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, Azərbaycan sufi mədəniyyəti baxımından ən zəngin yerlərdən biridir. Parisdə UNESCO-nun mənzil-qərargahında keçirilən “Seyid Yəhya Bakuvi və tolerantlıq” mövzusunda konfransda iştirakından danışan natiq dünyada tolerantlığın ən gözəl nümunələrinin Azərbaycanda olduğunun bir daha üzə çıxdığını qeyd etmişdir. Seyid Yəhya Şirvaninin fəlsəfəni, təsəvvüfü, islam mədəniyyətini əks etdirən 19 əsərinin qaldığını bildirən alim onlardan yalnız birinin Azərbaycanda, qalanlarını isə Türkiyədəki kitabxanalarda tapdığını söyləmişdir. Diqqətə çatdırmışdır ki, İstanbulun Süleymaniyyə kitabxanasında saxlanılan “Şəfa əl Əsrar” əsəri dünyanın müxtəlif dillərində nəşr olunmuşdur. Seminarda çıxış edənlər İsmayıl Siracəddin Şirvani, Həmzə Nigari, İmam Şamili kimi insanların həqiqətin, doğruluğun arxasınca uzaq məsafələr qət etmələrindən, sufi məktəbinin Zaqatala bölgəsindəki davamçılarından söhbət açmışlar. Bakı İslam Universitetinin Zaqatala filialında həm də “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin “Seyid Yəhya Şirvani və təsəvvüf” mövzusunda sənət müsabiqəsinin iştirakçılarının əl işlərindən ibarət sərgi nümayiş olunmuşdur. Tədbir iştirakçılarına İctimai Birliyin nəşrləri, eləcə də Mehmet Rıhtımın Seyid Yəhya Şirvani haqqındakı kitabı və onun tərtib etdiyi Seyid Yəhya Şirvaninin “Şəfa əl Əsrar” əsəri, həmçinin “Miras” elmi-kütləvi jurnalının böyük mütəfəkkirə həsr olunmuş xüsusi nömrəsi təqdim edilmişdir. Azərbaycanda Seyid Yəhya Şirvaniyə həsr olunmuş tədbirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyə Cümhuriyyəti Başbakanlık Tanıtma Fondu, “Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu” İctimai Birliyi, Qafqaz Universitetinin Qafqaz Araşdırmaları İnstitutu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Türkiyənin Beynəlxalq İnkişaf və Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin dəstəyi ilə baş tutmuşdur.