Azərbaycanın folklor paytaxtı Zaqatalaya mediatur təşkil edilmişdir.
2013-cü il üçün “Azərbaycanın folklor paytaxtı” elan olunmuş Zaqatala rayonuna Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə mediatur təşkil edilmişdir. Folklor ili çərçivəsində Zaqatalada həyata keçirilən tədbirlərlə tanışlıq məqsədi daşıyan mediaturda respublikanın 40-dan artıq mətbuat qurumunun, televiziya kanallarının təmsilçiləri, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, nazirliyin məsul əməkdaşları iştirak etmişlər. Mediaturun iştirakçıları yolüstü Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində olmuş, burada keçirilən Prezident Kuboku uğrunda VIII çövkən milli oyunu üzrə yarışları izləmişlər. Qonaqlar sonra Zaqatala rayonunun Əliabad qəsəbəsinə gəlmişlər. Onlar qəsəbə mədəniyyət evində folklor kollektivlərinin bir-birindən maraqlı çıxışlarını izləmiş, xalq sənətkarlarının əl işlərindən ibarət sərgilərə baxmışlar. Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva folklor ili çərçivəsində rayonda həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, il ərzində rayonun qəsəbə və kəndlərində folklor kollektivlərinə baxış-müsabiqələr, rayonda yaşayan avar, saxur, ingiloy və digər azsaylı xalqların adət-ənənələrinin təşviqi məqsədilə müxtəlif tədbirlər həyata keçirilmiş, ümumrespublika xalq yaradıcılığı bayramı təşkil olunmuşdur. Bundan əlavə, rayon mədəniyyət evində qədim el havaları- xalq musiqisi və rəqsləri dərnəkləri yaradılmış, tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgilər, “Bayatı gecələri”, folklor axşamları, konsertlər təşkil olunmuşdur. Maqov kənd mədəniyyət evinin “Hudulki” xalq kollektivi Belarus Respublikasının Bobruysk şəhərində keçirilən “Dostluq çələngi” Beynəlxalq xalq yaradıcılığı festivalında ölkəmizi layiqincə təmsil etmişdir.
Tur çərçivəsində media qurumlarının təmsilçiləri rayonun digər kəndlərinə də baş çəkmiş, yerli folklor kollektivlərinin çıxışlarını izləmiş, Zaqatalada yaşayan müxtəlif xalqların milli adət-ənənələri ilə yaxından tanış olmuşlar.