Bu il Zaqatalada 11 min hektardan çox taxıl sahəsinin məhsulu biçiləcək
Builki mövsümdə Zaqatala rayonunda 11 min 396 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 7 min 819 hektarını buğda, 3 min 577 hektarını isə arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki illə müqayisədə 76 hektar artıb. Hazırda təsərrüfatlarda taxıl biçininə son hazırlıq işləri görülür. Taxıl anbarları, xırmanlar təmir və dezinfeksiya olunub, kombayn və digər texnikalar saz vəziyyətə gətirilib.
Bu barədə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, rayon üzrə biçin kampaniyasına 28 ədəd taxılbiçən kombayn, 39 ədəd küləş presləyən aqreqat, həmçinin 360-dək şum traktoru, 126 traktor qoşqusu və digər texnikalar cəlb ediləcək. Biçin dövründə ehtiyac yaranarsa, digər rayonlardan əlavə olaraq 8-10 ədəd kombayn da gətiriləcək. Təsərrüfatlarda taxıl biçininə iyunun birinci ongünlüyündə başlanılması nəzərdə tutulur.
Xatırladaq ki, ötənilki mövsümdə Zaqatala rayonunda 11 min 320 hektar sahənin məhsulu biçilib, 35 min 50 ton taxıl istehsal olunub. Hər hektara görə orta məhsuldarlıq 31 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 1881 ton artıb.