Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı kümçü: Baramaçılıq çox sərfəli və gəlirli sahədir

12 may 2021 | 16:00

Zaqatala rayonunda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi üçün böyük potensial var. İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi rayonda baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir. Kənd adamları yaxşı başa düşürlər ki, baramaçılıqla məşğul olmaqla hər il öz ailə gəlirlərini daha da artıra bilərlər.

Builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 10 ton artırılaraq, 46 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirmək üçün 300-dək kümçü ilə müqavilə bağlanılıb, onlara 1150 qutu, yəni 21 kiloqram 850 qram ipəkqurdu paylanılıb. Hazırda ailə təsərrüfatlarında ipəkqurdlarının yemlənməsi prosesi davam edir.

Son illər rayonun digər yaşayış məntəqələri kimi, Əliabad qəsəbəsində də baramaçılıq ənənələrinin bərpa edilməsi istiqamətində zəruri işlər görülüb. Qəsəbənin ərazi icra nümayəndəsi Həsən Həsənovun bildirdiyinə görə, əhali sovet dövründə də baramaçılıqla məşğul olub, bu sahədə yaxşı təcrübəsi var. Ötən il qəsəbənin kümçüləri 5700 qram ipəkqurdunun bəslənməsi ilə məşğul olub, 5 tondan çox yaş barama istehsal ediblər. Bir ay müddətində kümçü ailələri baramaçılıqdan, ümumilikdə, 45 min manatdan çox gəlir götürüblər. Builki mövsümdə isə qəsəbə üzrə 26 kümçüyə 118 qutu, yəni 2242 qram ipəkqurdu paylanılıb. Cari mövsümdə qəsəbədə yaş barama istehsalının 3,6 tona çatacağı proqnozlaşdırılır.

Keçidlər