Zaqatalada Dövlət Bayrağı Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir
Dövlət Bayrağı Günü münasibətilə noyabrın 9-da Zaqatala şəhərində “Dalğalan üçrəngli bayrağım” adlı bayram tədbiri keçirilmişdir.
Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Zaqatala şəhərinin “Bayraq dairəsi” meydanında keçirilən bayram tədbirində çıxış edənlər Azərbaycanın üçrəngli, ay-ulduzlu Dövlət Bayrağının müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərimizdən biri olduğunu bildirmişlər. Vurğulanmışdır ki, bu gün Dövlət Bayrağı milli suverenliyimizin simvolu kimi, ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Bayraq hər bir xalqın həyatında əhəmiyyətli rol oynayır. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza ehtiram göstərməyi özünün müqəddəs borcu hesab edir.
Bildirilmişdir ki, 2009-cu ilin noyabrında Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi, 2010-cu ilin sentyabrında Bakı şəhərində Dövlət Bayrağı meydanının açılması bayrağa olan sevgimizin bariz nümunəsidir.
Bayram tədbirində çıxış edənlər noyabr ayının xalqımızın tarixində onun varlığını bildirən şərəfli günlərlə zəngin olduğunu xüsusi vurğulamış, rayon ictimaiyyətini qarşıdan gələn əlamətdar tarixi günlər - 12 noyabr- Konstitusiya Günü və 17 noyabr- Milli Dirçəliş Günü münasibətilə təbrik etmişlər.
Hərbçilərin müşaiyəti ilə meydana üçrəngli Azərbaycan bayrağının gətirilməsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Bayram tədbiri idmançıların yürüşü ilə başa çatmışdır.
Dövlət Bayrağı Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində noyabrın 9-da Zaqatala rayon Qaz İstismar İdarəsinin yeni inzibati binasının açılış mərasimi də olmuşdur.