Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib

28 aprel 2021 | 16:00

Aprelin 28-də Zaqatala Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının, həmçinin hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransı icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq, ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan danışıb. Vurğulanıb ki, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsi və məsləhəti xüsusi əhəmiyyət kəsb edir. Xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ən ali həyat məramı olub.

Konfransda Zaqatala Rayon Ağsaqqallar Şurasının sədri İsa Əhmədovun hesabat-məruzəsi dinlənilib.

Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb. Diqqətə çatdırılıb ki, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulur.

Şuranın sədr müavini ağsaqqallara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Konfransda Zaqatala Rayon Ağsaqqallar Şurasının Nizamnaməsi təsdiq edilib, İsa Əhmədov yenidən Şuranın sədri seçilib. Həmçinin rayon Ağsaqqallar Şurasının İdarə heyətinin və Təftiş komissiyasının yeni tərkibi təsdiq olunub.

Keçidlər