Zaqatalada buraxılış imtahanları pandemiya dövrünün tələblərinə uyğun aparılıb
Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) aprelin 22-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Zaqatala rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanları başa çatıb.
Buraxılış imtahanları Zaqatala şəhərindəki 1, 2 saylı və Qazangül qəsəbə tam orta məktəblərdə, Zərifə Əliyeva adına Texniki təmayüllü liseydə təşkil olunub.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib.
İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
DİM Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə 865 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 12 imtahan rəhbəri və 84 nəzarətçi-müəllim cəlb olunub. İmtahanların keçirilməsi üçün 70 otaq ayrılıb.
Regional bölmənin müdiri Səbuhi Hüseynovun məlumatına görə, bütün imtahan mərkəzlərində buraxılış imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.