Zaqatala rayonunun təsərrüfatlarında tütün əkininə başlanılıb
Zaqatala rayonunun təsərrüfatlarında istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsi prosesinə başlanılıb. Mövsümün ilk günündə Qandax kəndindən olan fermer Murad Muradova məxsus təsərrüfatda 1,5 hektar sahəyə “Virciniya botaniki” növlü tütün şitilləri köçürülüb. Fermer bu il 15 hektar sahədə tütün əkməyi planlaşdırır.
Qurum rəsmisinin sözlərinə görə, builki mövsümdə rayonun təsərrüfatlarında 570 hektaradək sahədə tütün əkilməsi proqnozlaşdırılır. Torpaq mülkiyyətçiləri cari ildə 400 hektaradək sahədə “Virciniya botaniki”, 170 hektarda isə digər növ tütün yetişdirəcəklər. Tütün istehsalı ilə əlaqədar 52 fermerlə müqavilə bağlanılıb.
Xatırladaq ki, ötənilki mövsümdə zaqatalalı fermerlər 574 hektar sahədən 672 ton quru tütün əldə ediblər. İstehsal olunan quru tütünün 514,4 tonunu “Virciniya botaniki”, 157,6 tonunu isə digər tütün sortları təşkil edib. Tütün istehsalı əvvəlki illə müqayisədə 65 ton artıb.