Zaqatala qaz istismar sahəsinin yeni inzibati binası istifadəyə verilmişdir
“Azəriqaz” Istehsalat Birliyi (İB) Zaqatala Qaz İstismar Sahəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə İB-nin rəsmisi Elman Abbasov və rayon qaz istismar sahəsinin rəisi Qurban Mehdiyev çıxış edərək ölkə əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışmışlar. Bildirilmişdir ki, bu istiqamətdə Zaqatala rayonunda da ardıcıl iş aparılır. Hazırda rayonda bir şəhər və 11 kəndin əhalisi “mavi yanacaq”dan istifadə edir. Abonentlərin ümumi sayı 11 min 500-ə yaxındır. Rayon üzrə qazlaşma 45 faiz təşkil edir. Hazırda daha 11 yaşayış məntəqəsinin qazlaşdırılması istiqamətində iş davam etdirilir. Yeni inzibati binanın açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olmuşlar. Məlumat verilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsaiti ilə inşa edilən inzibati binanın tikintisinə bir il əvvəl başlanmışdır. Binada 20 iş otağı, akt zalı və digər otaqlar fəaliyyət göstərir. Foyedə ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşə yaradılmışdır. Binada müasir istilik sistemi quraşdırılmış, həyət abadlaşdırılmışdır.