“Zaqatalanın Qandax kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsi imzalanmışdır
07 noyabr 2013-cü il tarixdə Yaponiyanın Bakıdakı səfirliyində bu ölkənin “Ot kökləri və insan təhlükəsizliyi” proqramı çərçivəsində “Zaqatalanın Qandax kəndində tibb məntəqəsinin tikintisi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilmişdir. Tədbirdə Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe və Zaqatala rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Tofiq Əhmədov iştirak etmişlər. Layihənin rəhbəri, “Azərbaycan İcma İnkişafı” Tədqiqat-təlim və resurs mərkəzinin icraçı direktoru Yasin Dadaşov imzalanacaq layihə barədə məlumat vermişdir.
Bildirilmişdir ki, layihənin əsas məqsədi Zaqatala rayonunun Qandax kəndində yeni tibb məntəqəsi tikməklə, həmin kəndin və ona qonşu olan digər iki kəndin sakinlərinə göstəriləcək tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaqdır. Qeyd olunmuşdur ki, imzalanmış layihənin ümumi dəyəri 121 min 938 ABŞ dollarıdır. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Tofiq Əhmədov Azərbaycan ilə Yaponiya arasında əlaqələrin bütün sahələr üzrə uğurla davam etdirildiyini bildirmişdir. Hazırkı layihə də daxil olmaqla, 2007-ci ildən indiyə kimi rayonda 6 layihə üzrə qrant müqaviləsi imzalanmışdır. Bu layihələrin ümumi dəyəri 620 min 938 ABŞ dolları təşkil edir.
Səfir Şusuke Vatanabe bu qrant yardımı proqramı çərçivəsində Azərbaycanda indiyədək ümumi dəyəri 14 milyon 215 min 355 ABŞ dolları olan 175 layihə üzrə qrant müqaviləsinin imzalandığını diqqətə çatdırmışdır. Mərasimin sonunda Şusuke Vatanabe və “Azərbaycan İcma İnkişafı” Tədqiqat-təlim və resurs mərkəzinin icraçı direktoru Yasin Dadaşov sözügedən layihə üzrə qrant müqaviləsini imzalamışlar.