Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada Aprel şəhidlərinin xatirəsi anılıb

01 aprel 2021 | 16:00

Azərbaycan hərb tarixinin parlaq səhifələrindən olan Aprel döyüşlərindən 5 il ötür. Bu döyüşlər 2020-ci ilin 10 noyabr Zəfərinə, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəyə, doğma Qarabağa yenidən dönüşümüzə aparan yolun ilk uğuru, başlanğıcı idi. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini, xalq ilə ordu arasında birliyini bütün dünyaya nümayiş etdirdi.

 Bu fikirlər Aprel döyüşlərinin 5 illiyi ilə əlaqədar Zaqatala rayon Mərkəzi Kitabxanasının təşkil etdiyi “Qələbəmizin ilk uğuru” adlı videokonfransda səsləndirilib.

Tədbirdə Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Zaqatalanın mərd oğullarından Sərxan Bayramovun anası Həlimə Bayramova, Rəvan Nurayevin anası Havva Nurayeva, ziyalılar, kitabxana işçiləri iştirak ediblər.

Videokonfransı Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülniyar Məmmədova açaraq, 2016-cı ilin Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüşlərdə göstərdiyi şücaətdən, qazanılan Qələbənin əhəmiyyətindən bəhs edib.

Tədbirdə çıxış edənlər tarixə “dördgünlük müharibə” adı ilə düşən Aprel döyüşlərinin gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdiyini, qazanılan Qələbənin xalqımızın orduya olan inamını artırdığını xüsusi vurğulayıblar.

Videokonfransda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışılıb, Zəfərlə başa çatan Vətən müharibəsinin dövlətçilik tariximizin şanlı səhifələrindən biri olduğu vurğulanıb.

Şəhid anaları çıxış edərək, Vətən uğrunda canlarından keçən övladları ilə hər zaman fəxr etdiklərini, şəhidlərimizin qanının yerdə qalmadığını, düşməndən amansız qisas alındığını vurğulayıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər