Şriftin ölçüsü :

Saytın rəngi :

Milli QHT Forumu Zaqatala rayonunda maarifləndirmə tədbirləri keçirmişdir

24 oktyabr 2013 | 15:00

Azərbaycan Milli QHT Forumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “2013-cü ildə regionlarda sağlamlıq imkanları məhdud insanların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işinin təşkili” layihəsini həyata keçirir.
Layihə çərçivəsində oktyabrın 23-də Balakən rayonunun Qullar kənd bələdiyyəsində və Zaqatala rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində növbəti maarifləndirici tədbirlər keçirilmişdir. Təhsil və səhiyyə işçilərinin, əlillərin, yerli qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdiyi seminarlarda MQF-nin prezidenti Rauf Zeyni layihə barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək, onların ləyaqətinə hörmət edilməsini təmin etmək, əlillərin hüquqları barədə əhalinin məlumatlılığının artırılmasına nail olmaq, eyni zamanda, əlillərə hüquqi xidmətin göstərilməsi və onların hüquqlarının qorunmasını təşkil etməkdir. Qeyd olunmuşdur ki, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan Respublikasının Konstitusiyasında, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və digər qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər.
Seminarda əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində siyasətin əsas prinsipləri və bu siyasətin həyata keçirilməsində dövlət orqanlarının vəzifələri, bu kateqoriyadan olan insanların hüquq və azadlıqlarının təminatı, onların təhsil almaları üçün şəraitin yaradılması, əlilliyi olan şəxslərin əmək hüquqlarının həyata keçirilməsi və digər məsələlər barədə müzakirələr aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.

Keçidlər