Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərtütün ASK” MMC-nin Zaqataladakı emal məntəqəsində tütün şitillərinin yetişdirilməsinə başlanılıb

12 mart 2021 | 16:00

Azərtütün ASK” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında builki mövsüm üçün tütün əkininə hazırlıq işləri davam etdirilir. Tütün istehsalı ilə əlaqədar cəmiyyət tərəfindən bu günədək 104 fermerlə müqavilə bağlanılıb və hazırda proses davam etdirilir. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 720,2 hektar təşkil edir.

Builki mövsümdə “Azərtütün ASK” MMC tərəfindən şimal-qərb bölgəsi rayonlarında 1000 hektaradək sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi proqnozlaşdırılır. Bölgənin fermerləri tərəfindən bu günədək ümumi sahəsi 22 min 446 kvadratmetr olan 1593 sadə istixana hazırlanıb. Eyni zamanda, 695,4 hektarda don şumu aparılıb.

Cəmiyyətin Zaqatala rayonunun Aşağı Tala kəndində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinin istixana təsərrüfatında da martın 11-dən etibarən tütün şitillərinin yetişdirilməsi üçün işlərə başlanılıb.

Qeyd edək ki, tütün şitillərinin yetişdirilməsi üçün məntəqənin ərazisində 4 ədəd ABŞ istehsalı və 3 ədəd ölkəmizdə istehsal olunan istixana quraşdırılıb. Tutumundan asılı olaraq bu istixanaların hər birində 625 mindən 800 minədək “Virciniya botaniki” növlü tütün şitili yetişdirmək mümkündür. Toxum əvvəlcə xüsusi aparat vasitəsilə plastik goduşların (lotok) içərisinə yerləşdirilir. Hər bir goduşun içərisinə 288 ədəd toxum qoyulur. Sonra bu goduşlar istixananın içərisindəki su hövzəsinə buraxılır. Su hövzələrinə əvvəlcədən tələb olunan gübrə və dərmanlar tökülür. Böyük istixanaların hər birinə 3 min ədəd goduş qoymaq mümkündür. Tütün şitili 40-45 gün ərzində yetişir və sahəyə köçürülmək üçün hazır vəziyyətə gəlir.

Hələlik istixanalardan yalnız birinə toxum qoyulur. Ümumiyyətlə, bir istixanada yetişdirilən tütün şitili ilə 35 hektar sahəyə şitil köçürmək mümkün olur.

Keçidlər