Zaqatalada “Müstəqilliyimiz dönməzdir, əbədidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir
Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 22-ci ildönümünə həsr olunmuş “Müstəqilliyimiz dönməzdir, əbədidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirmiş, Ulu Öndərin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüşlər. Elmi-praktik konfransda dövlət müstəqilliyimizin bərpasından ötən 22 ildə Azərbaycanın qazandığı uğurlardan geniş söhbət açılmışdır. Bildirilmişdir ki, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni dövrü – müstəqil inkişaf dövrü başlamışdır. Diqqətə çatdırılmışdır ki, müstəqilliyimizin ilk illəri xalqımız üçün olduqca çətin şəraitdə keçmişdir. Həmin dövrdə hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala dövlət müstəqilliyimizin itirilməsinə gətirib çıxaracaqdı. Onların kürsü davaları ölkəmizi siyasi və iqtisadi böhran, anarxiya, xaos, özbaşınalıq məngənəsinə sürükləmişdi. Həmin qüvvələr yeni yaranan müstəqil dövlətçiliyimizin möhkəmlənməsi üçün heç bir iş görməmiş, ölkəmizin dünyada gedən bütün proseslərdən təcrid olunmasına xidmət göstərmişlər. Konfransda səslənən məruzə və çıxışlarda qeyd olunmuşdur ki, bu gün Azərbaycanda dövlət müstəqilliyinin dönməz və əbədi olması, möhkəmlənməsi, ölkəmizin dinamik inkişafı məhz ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. 1993-cü ilin iyununda Azərbaycan xalqı vətəndaş müharibəsi, parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda yeganə xilas və ümid yerimiz olan Heydər Əliyev xalqın tələb və istəyi ilə yenidən hakimiyyətə qayıtmışdır. Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edilmiş, respublikamız yeni inkişaf dövrünə qədəm qoymuşdur. Natiqlər Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü uğurlu siyasəti nəticəsində hazırda Azərbaycanın regionda lider dövlətə çevrildiyini, beynəlxalq aləmdə daim öz sözünü deməyə qadir olduğunu xüsusi vurğulamışlar.