Şriftin ölçüsü :

Saytın rəngi :

100 illik şanlı tarix – “Zaqatala” qəzeti

19 dekabr 2023 | 09:08

Bölgə mətbuatında özünəməxsus dəst-xəti ilə seçilən “Zaqatala” qəzetinin 100 yaşı tamam olur. 1923-cü ildə “Zaqatala kəntçisi” adı ilə fəaliyyətə başlayan bu mətbu orqanı həmin dövrdə Azərbaycanda ana dilində nəşr olunan 23 qəzetdən biri olub.

Qəzetin 100 illiyi münasibətilə dekabrın 19-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində yubiley tədbiri keçirilib. Tədbirdə rayon rəhbərliyi, qəzetin əməkdaşları, media nümayəndələri, ziyalılar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzin qarşısındakı abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra Mərkəzin foyesində “Zaqatala” qəzetinin ötən dövr ərzindəki fəaliyyətini əks etdirən sərgiyə baxış olub.

Yubiley tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Zaqatala” qəzetinin redaktoru, Əməkdar mədəniyyət işçisi İbrahim İbrahimovun “Bir əsrlik salnaməçilik yolu” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, qəzet müxtəlif illərdə fərqli adlarla dərc olunsa da, 1991-ci ilin sonundan başlayaraq “Zaqatala” adı ilə fəaliyyət göstərib. Qəzet fəaliyyət göstərdiyi illər ərzində 4 dəfə əlifba, 3 dəfə isə çap texnologiyasını dəyişib.

“Biz xoşbəxtik ki, nəhayət, azadlıq və istiqlaliyyət yolunda apardığımız mübarizə qalibiyyətlə başa çatıb. Üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarda, doğma Qarabağda yenidən ucalıb. Qırx dörd günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan ordusu Zəfər qazanaraq tarixi ədaləti bərpa edib. Fəxr edir və qürur duyuruq ki, şanlı Qələbədən yazmaq biz jurnalistlərə də nəsib olub. Bir qəzetin 100 yaşına çatması çox böyük hadisədir. Bu, qəzeti yüz yaşa çatdıran yaradıcı insanların, həm də sadiq oxucuların xidmətidir”,- deyə İbrahim İbrahimov vurğulayıb.

Tədbirdə “Xalq qəzeti”nin bölgə müxbiri İlqar Həsənov, Qax rayonunda çıxan “Şəlalə” qəzetinin redaktoru Xavər Əfəndiyeva, Zərdabda nəşr olunan “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov, pedaqogika üzrə fəlsəfə doktoru, qəzetin fəal yazarlarından olan Həşim İsmayılov çıxış edərək, qəzetin əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxışında qəzetin rayonun ictimai-siyasi və mədəni həyatındakı rolunu xüsusi vurğulayıb, əməkdaşların fədakar əməyini yüksək qiymətləndirib, kollektivi əlamətdar yubiley münasibətilə təbrik edib.

Sonda kollektivə Zaqatala Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.

Keçidlər