1990-2003
1990-cı ilin 20 Yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində siyasi bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmşdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda daha sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur.
1993-cü ilin may-iyun aylarında hökümət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri onu rəsmən Bakıya dəvət etməli oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan ali sovetinin sədri seçildi. İyunun 24-dən isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü ilin 3 oktyabrında ümumxalq səs verməsi nəticəsində Heydər Əlirza oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident seçildikdən sonra ilk növbədə 1994-cü ilin mayında Qırğızıstanın paytaxtı Bişkekdə Ermənistanla Azərbaycan arasında Atəşkəs sazişinin imzalanmasına nail olur. Bununla da günahsız axıdılan qanların, günahsız qurbanların qarşısı alınır.
Heydər Əliyev fəaliyyətinin ən mühüm, strateji əhəmiyyət daşıyan istiqamətlərindən biri bazar münasibətlərinə keçidin tələblərinə uyğun iqtisadi siyasət hazırlayıb reallaşdırmaq, ölkə iqtisadiyyatını böhran vəziyyətindən qurtarıb dirçəliş, sonra isə inkişaf yoluna çıxarmaq idi. Bu baxımdan ilk və həyati əhəmiyyətli addım müstəqil Azərbaycanın yeni neft strategiyasının işlənib hazırlanması olmuşdur. 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı neft şirkətləri ilə (ABŞ, Rusiya, Norveç, Türkiyə, Səudiyyə Ərəbistanı) “Əsrin müqaviləsi”nin imzalanması ilə Heydər Əliyev nəinki, neft strategiyasının təməlini qoydu, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafının ana xəttini müəyyən etdi. Beləliklə, Heydər Əliyev dünyanın diqqətini Cənubi Qafqaz regionuna cəlb etdi, Azərbaycanın iqtisadi cəhətdən dünya birliyinə inteqirasiyasının təməlini qoydu və bundan sonra, indiyədək 30-dan çox xarici şirkətin iştirakı ilə 25 müqavilə imzalanmışdır.
“Əsrin müqaviləsi”nin həyata keçirilməsi qısa bir zamanda bəhrəsini verməyə başladı. 1997-ci ilin axırlarına yaxın bu müqavilə çərçivəsində ilkin neftin hasilatına başlandı. “Əsrin müqaviləsi” çərçivəsində həyata keçirilmiş tədbirlərə milyardlarla dollar vəsait xərclənmiş, Azərbaycanda minlərlə iş yeri açılmışdır.
Heydər Əliyevin yeni neft strategiyasının həyata keçirilməsinin zirvəsi Bakı-Tiblisi-Ceyhan əsas ixrac boru kəməri lahiyəsidir. Onun təşəbbüsü ilə 1998-ci ilin 29 oktyabrında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTC-nin tikintisi ilə bağlı “Ankara bəyannaməsi” imzalamışlar. BTC-nin reallaşması, “Əsrin müqaviləsinin” imzalanmasından sonra Azərbaycan üçün ikinci mühüm tarixi əhəmiyyət kəsb edən hadisə olmuşdur. 2002-ci ildə, sentyabr ayının 18-də Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tiblisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlqoyma mərasimi keçirilmişdir. 2006-cı ilin mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatmış, bu hadisə Ümummilli Liderimiz Heydər Əliyevin yeni neft strategiyasının əməli nəticəsi olmaqla, bu strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin əfsanənin reallığa çevrilməsində göstərdiyi fədakarlığın məntiqi nəticəsi olmuşdur.
Bakı-Tiblisi-Ceyhan neft kəmərinə vurulan xam neftin Türkiyənin Ceyhan terminalına çatması “Üç dəniz əfsanəsi”ni reallığa çevirdi. May ayının 28-də Azərbaycan nefti tarixdə ilk dəfə olaraq Aralıq dənizindən dünya bazarına göndərildi. Hazırda ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan bu boru kəməri layihəsini bəziləri qeyri-real, kommersiya baxımından səmərəsiz lahiyə kimi qəbul edirdi. Nəticə isə göz qabağındadır.
Regional inteqrasiya prosseslərində fəal iştirak etmək Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının tərkib hissəsidir. Azərbaycanın Şərqlə
Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşməsi qloballaşma baxımından ölkəmizin təkcə regional lahiyələrdə deyil, həm də beynəlxalq lahiyələrdə əhəmiyyətini artırmışdır. 1999-cu ildə Heydər Əliyevin təşəbbüsü ilə GÜÖAM-təşkilatının yaradılması bir sıra dövlətlərin mənafelərinin siyasi və iqtisadi cəhətdən birləşdirliməsi yolunda ilk addım olmuşdur.
Azərbaycan Avropa Birliyinin dəstəyi ilə həyata keçirilən TRASEKA – Böyük İpək yolunun bərpası lahiyəsinin təşəbbüsçülərindən biri və onun fəal iştirakçısıdır. Heydər Əliyevin müdrikliyi sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir və onun iştirakı olmadan burada hər hansı irimiqyaslı lahiyə keçirilə bilməz.
Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra qeyd olunduğu kimi, ilk növbədə Azərbaycanın real vəziyyətini nəzərə alaraq cəbhədə atəşkəs rejiminə nail oldu, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişi cəhtləri zamanı Heydər Əliyev öz xalqı ilə birgə ağır sınaqlardan uğurla çıxdı. Respublikada ictimai-siyasi sabitlik tam bərqərar edildi. Heydər Əliyev müstəqil dövlətin ilk konstitusiyasının qəbuluna nail oldu. Konstitusiya lahiyəsi 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olundu. Ulu öndər Azərbaycanda söz, mətbuat azadlığını bərqərar etdi, ölkə iqtisadiyyatını dirçəltdi, ayağa qaldırdı, kənd təsərrüfatı, sənaye, təhsil və səhiyyə sahəsində islahatların aparılmasına geniş imkanlar açdı. Azərbaycan bazar iqtisadiyyatı yolunu seçərək inkişaf etməyə başladı. Azərbaycanın beynəlxalq təşkilatlara qəbul olunması da dahi rəhbərin uğurlu siyasətinin nəticələrindən idi.
Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Onun fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir.
Heydər Əliyevin böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynalxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamışdır.
Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir.
Heydər Əlirza oğlu Əliyev 2003-cü il dekabr ayının 12-də Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərinin tibb klinikasında vəfat etmişdir. Bu gün o, cismən bizimlə deyil. Lakin Azərbaycanın ümummilli lideri, bütün dünya türklərinin əvəzsiz oğullarından biri, Azərbaycan dövlətinin yaradıcısı, müdrik siyasətçi və müdrik insan daim bu xalqın ürəyində yaşayacaq.
Nə qədər Azərbaycan xalqı var, Heydər Əliyev də var! Azərbaycan xalqı isə əbədi yaşayacaq və Heydər Əliyev də öz xalqı ilə birgə əbədi yaşayacaqdır.