1923-1969
Dahi şəxsiyyət, müdrik dövlət xadimi, müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev 1923-cü il may ayının 10-da Azərbaycanın qədim Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan o dövrdə çox qədim adətləri saxlayan, bununla yanaşı müasirliyə meyl edən intellektual zəkalarla qüdrətli olan bir şəhər idi. Çoxuşaqlı bir ailədə doğulan Heydər Əliyev o ailədə 8 övladdan dördüncüsü idi. Atası Əlirza Əliyev dəmir yol işçisi, anası İzzət xanım isə evdar qadın idi. Lakin ilk baxışdan çox sadə görünən bu ailə Azərbaycan xalqına 3 alim akademik, 1 xalq rəssamı, 2 elmlər namizədi, 1 general sərkərdə bəxş etmişdir.
Heydər Əliyev 1938-1939-cu illərdə Naxçıvan Pedeqoji Texnikumunda oxumuşdur. Heydər Əliyevin maraq dairəsi çox geniş olmuşdur. Hələ Naxçıvan ibtidai məktəbində oxuyarkən o məktəb tamaşalarında tez-tez iştirak etmiş, həmişə şahzadə, sərkərdə rollarında oynamışdır. Çünki, onun gözəl qaməti, gözəl diksiyası, gözəl natiqlik istedadı olmuşdur. Bundan əlavə Heydər Əliyev gözəl rəsmlər çəkirdi. Bu rəsmlərdən bir neçəsi bizim dövrə qədər gəlib çatmışdır. Beləliklə, onun fitri istedadı, gözəl qabiliyyəti hələ uşaqlıqdan özünü biruzə verməyə başlamışdır. 1939-cu ildə Naxçıvan Pedeqoji Texnikumunu müvəffəqiyyətlə bitirdikdən sonra Heydər Əliyev həmin ildə Azərbaycan Sənaye İnstitutunun Memarlıq fakültəsinə qəbul olunur. O, memar olmaq arzusu ilə yaşayır və 1941-ci ilə qədər orda uğurla təhsil alır. Ancaq təəssüf ki, 1941-ci ildə Böyük Vətən müharibəsi başlayır və o, təhsilini yarımçıq qoymalı olur. 1941-ci ildə Heydər Əliyev Naxçıvan MSSR Daxili İşlər Komissarlığı tərəfindən Naxçıvana çağrılır. Gənc olmasına baxmayaraq o, Naxçıvanda Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində məsul bir vəzifə- şöbə müdiri vəzifəsində çalışır. 1944-cü ilə qədər bu vəzifədə işləyir. 1944-cü ildə rus dilini gözəl bildiyinə və çox məsuliyyətli olduğuna görə irəli çəkilir və Dövlət Təhlükəsizlik Orqanlarında işə başlayır (ən kiçik rütbədə – leytenant rütbəsində) və həmin illərdə Leninqradda xüsusi ali təhsil almışdır. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunur və 1957-ci ildə oranı müvəffəqiyyətlə bitirir.
1964-cü ildən Heydər Əliyev Azərbaycan SSRİ Nazirlər Sovetinin yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri təyin edilmişdir. Bu dövrdə o, artıq general-mayor rütbəsinə qədər yüksəlmişdir.
AKPMK-nın 1969-cu il iyul plenumunda Heydər Əliyev AKPMK-nın katibi seçilərək respublikanın rəhbəri olmuşdur. Həmin dövrdə imperiya siyasətinin qəlizliyi, çətinlikləri onun iradəsini qıra bilməmişdi. Zəngin həyat təcrübəsi olan Heydər Əliyev bu çətinlikləri asanlıqla dəf edirdi. Nəticədə ölkəmiz gündən-günə çiçəklənir, paytaxt və digər bölgələrdə yeni yaşayış massivləri salınır, bir-birindən yaraşıqlı mədəniyyət və idman sarayları, sosial obyektlər tikilir, Sovetlər İttifaqının digər Respublikalarında fəaliyyətə başlayacaq fabrik, zavod və iri sənaye müəssisələri ünvanı dəyişərək Azərbaycanda inşa edilirdi. Hərbi məktəblərin Bakıda yerləşdirilməsi də onun uzaqgörən siyasətinin nəticələrindən biri idi. O, bilirdi ki, Azərbaycanın nə vaxtsa öz ordusu olacaq və bu orduya milli zabit zəruridir. Və çox çətinliklə də olsa Heydər Əliyev azərbaycanda ilk ali hərbi məktəbin – Cəmşid Naxçıvanski adına hərbi litseyin açılışına nail olur.