Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan neomüstəmləkəçiliyə qarşı mübarizənin təşkilatçısı kimi çıxış edir.

03 fevral 2021 | 16:00

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak etmişlər.  Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra ölkə başçısı  Azərbaycan Televiziyasına  müsahibə vermişdir.  Ölkəmizdə səhiyyə sahəsində qazanılmış uğurlar və yeni hədəflər barədə məlumat verən Cənab Prezident səhiyyə sahəsində qazanılmış uğurların  nəticəsinin göz önündə olduğunu,   bu sahədə dövlət siyasətinin növbəti hədəfinin səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi və tibbi xidmətin keyfiyyətinin artırılması olduğunu vurğulamışdır.
Bəli,    Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının inşa olunması faktı ölkəmizdə insanların sağlamlığına ayrılan xüsusi diqqətinin növbəti sübutudur. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub. Burada dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Bu xəstəxanada vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcək.  Ölkəmizin bütün bölgələrində  ən yüksək standartlara cavab verən tibb müəssisələri fəaliyyət göstərir.
     Ölkəmizdə  pandemiyanın ilk günlərindən xəstəliklə mübarizədə  lazımi addımlar atılmış, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Yürüdülən dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində bu gün Azərbaycanda koronovirusla bağlı vəziyyət nəzarət altındadır. Artıq ölkəmizdə vaksinasiya başlamışdır. Azərbaycan Cənubi Qafqazda vaksinasiya işlərinə start verən ilk ölkədir.
Azərbaycan neomüstəmləkəçiliyə qarşı mübarizənin təşkilatçısı kimi çıxış edir. Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan pandemiyaya qarşı mübarizə məqsədilə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə verib. Bəzi ölkələrin etinasızlığına baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının COVİD-lə bağlı xüsusi sessiyasının keçirilməsinə nail olub. Azərbaycan Prezidenti BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxış edərkən bütün ölkələri həmrəyliyə, bu bəlaya qarşı mübarizədə təşəbbüsləri birləşdirməyə, zəngin ölkələri məsuliyyət göstərməyə çağırıb. Azərbaycan dövləti Qoşulmama Hərəkatının sədri kimi öz bəyanatlarına sadiq qalır, beynəlxalq hüququ və ədaləti müdafiə edir. Azərbaycan Prezidenti zəngin ölkələri peyvəndi alıb kasıb ölkələrə də ötürməyə, şirkətləri isə bu sahədə qazanc dalınca qaçmamağa çağırıb. Azərbaycan Qoşulmama Hərəkatının digər üzvlərinə mövcud ədalətsizliklə bağlı məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmaq çağırışı edib. Prezidentin Azərbaycan Televiziyasına müsahibəsi ilə zəngin ölkələrin bu praktikadan əl çəkməsi üçün beynəlxalq kampaniyaya start verilir.
Cənab İlham Əliyev Azərbaycan Televiziyasına  müsahibəsində  erməni faşistlərinin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri vandalizmdən danışaraq vurğulayıb ki, uzun illər Ermənistan rəhbərliyi və onun havadarları, beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də erməni vandalizmini gizlətməyə çalışıblar. İşğal zamanı törədilmiş talançılığa, vəhşiliyə dünyanın diqqətini cəlb etmək üçün oraya jurnalistlərin, diplomatik korpusun nümayəndələrin dəvət edildiyini deyən cənab prezident vurğulayıb ki, “Ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bilməlidirlər ki, Ermənistan Azərbaycan torpaqlarını zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb. Əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Bütün binaları, məscidlərimizi dağıdıblar”
“Azərbaycanın şanlı Qələbəsi bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır” deyən cənab Prezident vurğulayıb ki, “Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik.”
Ölkə başçısı  müsahibəsində  bildirmişdir ki,  işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri planlı şəkildə aparılacaqdır. Artıq azad edilmiş torpaqların bərpası ilə bağlı bir çox önəmli qərarlar qəbul edilmiş,  qərargah yaradılmışdır.  Bütün  işlər  ardıcıllıqla  görüləcəkdir.  Müsahibəsində Cənab Prezident   bildirib ki,  minalar təmizlənəndən sonra ziyan qiymətləndiriləcək və bundan sonra təzminat məsələsi gündəmdə olacaq. O qeyd edib ki, artıq yeni işğaldan azad olunmuş ərazilərdə icra ediləcək infrastruktur layihələri ilə bağlı göstəriş verib. Prezidetin sözlərinə görə, şəhərlərin baş planları hazırlanır və bu, zaman tələb edir.
  Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan edilib.  “Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşa planlı şəkildə yenidən qurulacaqdır.  Şuşada çox zəngin mədəni  həyat olmalıdır”  deyən cənab Prezident  müsahibəsində Şuşada filial açmaq  istəyən Mərkəzi Bank, AZAL, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Avtomobil Yolları kimi bir sıra dövlət qurumlarını tənqid edərək bildirib ki, - “Şuşa məmurlar paytaxtı yox, mədəniyyət paytaxtı elan edilib. Hər kəs otursun yerində, öz işi ilə məşğul olsun. Şuşanın ərazisinin ölçüsü 300 hektardır. İcazə olmadan bir dənə daş daş üstə qoyula bilməz. Çünki birinci təhlil aparılmalı, ondan sonra o tarixi binalar bərpa edilməlidir. Necə bərpa edilməlidir bunu mütəxəssislər deməlidir”  “ Şuşada ancaq və ancaq tarixi binalar bərpa edilməlidir” deyən ölkə başçısı  vurğulayıb ki, “Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı və əsaslı şəkildə olmalıdır. Buna nail olacağıq. İstəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin.”
Bəli, Qarabağın azad olunması ilə dövlət idarəçiliyinə də yeni yanaşma, yeni model gəldiyini hər kəs hiss etməlidir.  Möhtərəm Prezidentimiz  bütün məsələləri xalqın diqqətinə çatdıraraq öz fəaliyətini son dərəcə səmimi və şəffaf    qurur. Bu da xalqımız arasında dövlət başçısına  daha böyük rəğbət doğurur və ona olan inam və etimadı daha da yüksəldir.

YAP  Zaqatala  rayon  təşkilatı
Qadınlar   Şurasının       sədri
Vəfa Süleymanova

Keçidlər