Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi nəticəsində Cənubi Qafqaz yeni qonşuluq münasibətlərinə qədəm qoyur.

13 yanvar 2021 | 16:00

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub. Bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi və 10 noyabr üçtərəfli Bəyanatının möhkəmləndirilməsi baxımından əhəmiyyət kəsb edirdi. Görüşün yekunu olaraq bölgədəki vəziyyətin inkişafına dair birgə bəyanat imzalanmış,  tərəflər 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupunun yaradılması barədə razılıq əldə etmişlər. Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik edəcəyi işçi qrup yanvarın 30-dək ilk iclasını keçirəcək, təyin olunacaq ekspert alt  qrupları bir ay ərzində layihələri, eləcə də onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər.
Prezident  İlham  Əliyevin Moskvaya səfəri, imzalanan üçtərəfli Bəyanat Azərbaycanın növbəti diplomatik qələbəsidir. Azərbaycan hərb meydanında qazandığı Zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir. Təbii ki, ortaq bəyanatda əksini tapan əməkdaşlıq məsələləri rəsmi Bakının şərtləri çərçivəsində qəbul olunub. Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələblər regional sabitliyi və təhlükəsizliyi möhkəmlətməyə xidmət edir.
Moskva görüşündə əldə edilmiş razılaşmaya əsasən, regionda tamamilə yeni geoiqtisadi mənzərə yaranacaq, yeni nəqliyyat kommunikasiyaları reallaşdırılacaq. Bu, faktiki olaraq “Mehri dəhlizi” - Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir. Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Tükiyə ilə  əlaqələri güclənəcək, ölkəmizin geoiqtsadi əhəmiyəti artacaq. Ümumiyyətlə, üçtərəfli Bəyanat regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan prioritetlərin müəyyən edilməsini nəzərdə tutur.
Paşinyan administrasiyası kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün qarşısını almağa can atır, bunun əvəzinə 10 noyabrdan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının azad olunması məsələsini qabardırdı.  Lakin bu cəhdlər heç bir səmərə vermədi. Nə qondarma rejimin statusu, nə  Ermənistan tərəfinin hərbi əsir kimi qələmə verdiyi erməni terrorçuları, nə də “Minsk qrupu formatı”nda danışıqların bərpası masada və bəyanatda əksini tapdı. Paşinyan hökumətinin, özünün və erməni cəmiyyətinin itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu, mümkün olmadıqda danışıqları pozmaq istəyi alınmadı. Paşinyan İrəvana əliboş qayıtdı. Ermənistanın əksinə olaraq, Bakı Moskva görüşündə qarşısına qoyduğu mühüm məqsədlərə çatmağı bacardı.
Xarici ekspertlər Azərbaycan Prezidenti İlham Əliyevin Moskva görüşündən məmnun, Ermənistanın baş naziri Nikol Paşinyanın isə “qanıqara” qayıtmasını xüsusi vurğuladıqları halda,  radikal müxalifət iddia edirdi ki, Azərbaycana yeni güzəştlər qəbul etdiriləcək, Rusiya hərbi mövcudluğunu gücləndirəcək.  Halbuki rus mediası Azərbaycan tərəfinin öz milli maraqlarını sonacan müdafiə etdiyini, 10 noyabr razılaşmasının ruhuna zidd heç bir şərti qəbul etmədiyini təsdiqlədi. Görüşün yekunları bir qrup antimilli elementin qazanılmış qələbənin əhəmiyyətini kiçiltmək cəhdlərinin puçluğunu bir daha ortaya qoydu. Azərbaycanın radikal müxalifətinin görüş ətrafında qaldırdığı ajiotaj erməni diasporunun Moskva görüşü ərəfəsindəki aksiya və etirazlarla harmoniya təşkil etməsi də hər iki qüvvənin vahid mərkəzdən - anti-Azərbaycan  mərkəzindən idarə olunduğunu sübut edir. Paşinyan da Minsk qrupu formatının bərpasına çalışır, Azərbaycan müxalifəti də. Azərbaycanın Vətən müharibəsindəki mübarizəsinə və qazanılmış Zəfərə toxunan, Azərbaycan iqtidarının əldə etdiyi uğurlara qərəzli və düşmənçilik mövqeyindən çıxış edən antimilli qüvvələr ermənipərəst açıqlamalar verməkdən hələ də usanmırlar. Sözsüz ki, bu gün radikal müxalifətin nəyə və kimə xidmət etdiklərini ictimaiyyət, bütövlükdə  xalq çox gözəl bilir.
Bəli,  Moskva razılaşması, sözsüz ki, separatçı və təxribatçı erməni qrupları üçün böyük zərbə oldu. Əldə edilmiş razılıq və birgə Bəyanat  artıq Qarabağ münaqişəsinin arxada qaldığının bariz nümunəsidir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi nəticəsində Cənubi Qafqaz yeni qonşuluq münasibətlərinə qədəm qoyur.


RİHBA-nın Hüquq şöbəsinin müdiri:        Eldar   Mustafayev

Keçidlər