Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan özünün nümunəvi sosial siyasətinə həmçinin bir sıra çətinliklərlə müşayiət olunan pandemiya dövründə də sadiq qalıb.

08 yanvar 2021 | 16:00

Dünya enerji bazarında müşahidə edilən qiymət artımı enerjidaşıyıcılarının qiymətinin yenidən tənzimlənməsi məsələsini aktuallaşdırıb. Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edib. Hazırda benzin və dizel yanacağının pərakəndə qiymətlərinin dünyanın demək olar hər yerində artımı müşahidə edilir. Bunun obyektiv səbəbləri var və təcrübə göstərir ki, vaxtında bu cür qərarların qəbul edilməsi sonrakı mərhələdə müvafiq sektorda yarana biləcək mümkün risklərin qarşısını alır.
Əslində hələ 2020-ci ildə bəzi ölkələrdə belə artım müşahidə edilməyə  başlanmışdı.  Məsələn, biz  2019-2020-ci illərdə Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Almaniya və sair ölkələrdə müvafiq olaraq benzin və dizel yanacağının qiymətində 4 faizdən 32 faizədək artım müşahidə etdik. Bütövlükdə isə Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir. Lakin bu dövr ərzində Azərbaycanda dövlətin həyata keçirdiyi xüsusi sosial və tarif siyasəti sayəsində qiymət bazarı sabit olaraq qaldı. Belə ki, ölkəmizdə dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılıb. Həmin dövrlərdə respublika üzrə orta aylıq əmək haqqı uyğun olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66%, pensiyalar 73% artıb və  əhalinin gəlirlərində əhəmiyyətli artım qeydə alınıb.
Qiymətlərin enib-qalxmasını ayrı-ayrı ölkələrin timsalında da müşahidə etmək mümkündür. Müqayisə üçün bildirək ki, Türkiyədə benzinin qiyməti 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdüyü halda, hazırda 7,2 lirə (1,66 manat) civarındadlr. Qardaş ölkədə cəmi bir neçə ay ərzində benzinin qiymətində 32%-lik artım baş verib. Qonşu Gürcüstanda ötən ilin martında 2,2 lariyə olan benzin dekabr ayında artıq 2,4 lariyə (1,25 manat) satılırdı. Ukraynada 2020-ci ilin noyabr-dekabr aylarında yanacağın qiyməti 4% bahalaşıb. Rusiyada yeni il qabağı Aİ-95 markalı benzininin qiyməti 7% artıb.
Bu tendensiya ötən ilin sonlarından etibarən artıq Avropa da özünü göstərməyə başlayıb. Noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29% artım qeydə alınıb. Almaniya vətəndaşları yeni ili yanacağın qiymətində artımla qarşılayıblar – həm benzin, həm dizelin litrinə görə almanlar 11 sent artıq xərcləməli olacaqlar.
Beləliklə, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Rusiyada 1,0 manat, Ukraynada 1,72 manat, Belarusda 1,14 manat, Gürcüstanda 1,12 manat təşkil edir. 1 litr üçün dizel yanacağının qiyməti isə Türkiyədə 1,44 manat, Rusiyada 1,12 manat, Ukraynada 1,72 manat,  Belarusda 1,21 manat, Ermənistanda 1,19 manat, Gürcüstanda 1,15 manat səviyyəsindədir. Avropa ölkələrində isə yanacağın qiyməti daha yüksəkdir. Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti  əksər MDB ölkələri ilə müqayisədə aşağıdır.
Qlobal trendlərlə yanaşı, bir sıra daxili amillər də ölkədə Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətinin artmasını şərtləndirir. Son illərdə Azərbaycana avtomobil idxalının artması benzinə və dizelə tələbatı yüksəldib. Məlumat üçün bildirək ki, respublikamıza 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib.
Bu sırada bəhs olunan məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi kimi amilləri də sadalamaq mümkündür. Verilən məlumatlara görə, respublikamızda 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur.
Tarif tənzimlənməsində konservativ yanaşma, enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılması, istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi və s. kimi amillər nəzərə alınıb.
Mütəxəssislər qeyd olunan seqmentlər üzrə tarif dəyişikliyinin istehlak bazarına mənfi təsirlərinin az olacağını düşünürlər. Çünki paralel olaraq müvafiq önləyici tədbirlər də həyata keçirilir. Bildirilir ki, Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan onun qiymətinin müəyyən qədər artması istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq. Aİ-92 markalı avtomobil benzini üzrə qiymət tənzimlənməsi ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq. Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar  proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcəkdir. Tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsait büdcədən maliyyələşən sahələrin xərclərinin balanslaşdırılmasına da yönəldilə bilər. Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün isə onlara kompensasiya ödəniləcək  və  kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq. Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaq. Eyni zamanda, qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcək. Bundan başqa, alternativ yanacaqdan istifadənin genişləndirilməsi üçün dövlət-özəl sektor tərəfdaşlığı müstəvisində imkanlar yaradılacaq. Paralel şəkildə, tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcəkdir.
Şübhəsiz ki, əhalinin sosial müdafiəsi tarif tənzimlənməsində nəzərə alınan çox mühüm amillərdən biridir. Ümumiyyətlə, ölkəmizdə əhalinin sosial müdafiəsi daim diqqətdə saxlanılır və bu istiqamətdə tədbirlər davamlı xarakter daşıyır. 2019-cu ildə respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında iki mərhələdə böyük sosial paket reallaşdırıldı. Ötən ildəki iki sosial paketin əhatə dairəsi ümumilikdə 4,2 mln. nəfər olub (əhalinin 42 faizi). Sosial islahatların maliyyə yükü 2019-cu il üçün 2,3 mlrd. manat, 2020-ci il üçün isə 3 mlrd. manat təşkil edib. Bəhs olunan sosial islahatlar çərçivəsində 2019-cu ilin aprel və oktyabr aylarında ölkədə maaşlar, təqaüdlər, müavinətlər və digər ödənişlər kəskin artırılıb. Minimum əmək haqqı iki dəfə artırılaraq 250 manata çatdırılıb, dövlət sektorunda əməkhaqları 20%-100% həcmində yüksəldilib. Ölkəmizdə minimum aylıq pensiya 200 manata çatdırılıb və 72,4% artırılıb.
Azərbaycan özünün nümunəvi sosial siyasətinə həmçinin bir sıra çətinliklərlə müşayiət olunan pandemiya dövründə də sadiq qalıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri üçün 3,5 milyard manat ayrılıb. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edib.
2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb ki, bu da 66.7% artım deməkdir. Həmçinin, “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat veriləcəkdir.  Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artırılıb.
Postkonflikt dövründə geniş sosial dəstək paketlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Göründüyü kimi ölkəmizdə qiymət artımı ilə bağlı qərar qəbul edilərkən məsələyə kompleks yanaşılmaqla həsas sosial qrupların və vətəndaşlarımızın sosial mənafeyi nəzərə alınıb.
RİHB-nın   müavini,   Sosial-iqtisadi   inkişafın
təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri:        İlkin Şəfizadə

Keçidlər