Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarı olub.

31 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə müsahibə verib. Gərgin iş qrafikində müsahibəyə vaxt tapdığı üçün Cənab Prezidentə təşəkkürünü bildirən jurnalist ilk sualı ötən ayı münaqişənin hərbi-siyasi nizamlanması baxımından necə qiymətləndirildiyi barəsində olub. Müzəffər Azərbaycan Ordusunun döyüş meydanında özünün üstünlüyünü sübut etdiyini və bir ay ərzində işğal edilmiş ərazilərin xeyli hissəsinin azad olunduğunu söyləyən İlham Əliyev ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusunun dünyanın aparıcı 50 ordusu sırasında olduğunu vurğulayıb.
Müsahibə zamanı erməni tərəfinin işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycanın döyüşləri dayandırmağa hazır olduğunu deyən ölkə başçısı Ermənistan hakimiyyətinin siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirdiyini bildirib. Atəşkəsi 3 dəfə pozan Ermənistana etibar etmək çətindir. Hədəfi mülki əhali olan erməni hərbiçilərinin  kasetli raketlərlə mülki əhalinin bombalanması terror aktıdır və rəsmi İrəvan hərbi cinayətkardır. Ermənilərin atəşləri nəticəsində 69 dinc vətəndaşın həlak olması, 300-dən çox adamın yaralanması erməni faşizminin simasını ortaya qoyur.
Özlərinin Azərbaycana adekvat cavab vermək imkanları, gücü çatmayan Ermənistan həmişə olduğu kimi indi də digər daha iri ölkələrin arxasında gizlənmək istəyir. Bununla bağlı fikir bildirən dövlət başçısı Rəsmi İrəvanın bütün dövrlərdə başqa ölkələrin arxasında gizlənməyə nail olduğunu , onların problemlərini başqa ölkələrin həll etdiyini deyib. Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır. Tarixə nəzər salsaq görərik ki, Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə müharibə baş verib,  başqa ölkələr üçün neçə təxribat yaradılıb. “Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiyanın təşkil etməsi, Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanması, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılması, “Dağlıq Qarabağ parlamenti”ni Xankəndindən Şuşaya köçürülməsi və sair açıq təxribatlar Ermənistan üçün yeni təhlükələrin yaradılmasına xidmət edir” – deyə cənab prezident vurğulayıb.
Dağlıq Qarabağ bizim milli mövzumuzdur və bu mövzuda statusundan, cəmiyyətdəki mövqeyindən, baxışından, siyasi iradəsindən asılı olmayaraq damarlarından azərbaycanlı qanı axan hər bir kəs yekdil bir fikirdədir: Azərbaycan torpaqları düşmən işğalından azad olunmalıdır və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. “Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmalıdır” deyən İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendaturalar yaradılacağını bildirib. Qeyd edib ki, Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən Azərbaycanı dayandıra biləcək maddi maneə yoxdur. Müsahibədə Azərbaycan öz tolerantlıq ənənələrinə sadiq olduğu və mehriban qonşuluq şəraitində Erməni əhalisi də həmin torpaqda yaşa biləcəyi fikirləri də öz əksini tapıb.
Minsk qrupunun fəaliyyəti ilə bağlı jurnalistin ünvanladığı sualı cavablandıran cənab prezident Minsk qrupunun özünü doğrultmadığını, lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmamasının, əlbəttə, çoxlu suallar doğurduğunu deyib. Bildirib ki, Beynəlxalq təşkilatlar münaqişənin həllinə öz töhfələrini verməlidirlər və Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır.
“Azərbaycan Şərqi Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən  40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Əgər neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş versə, Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşəcək” – deyən dövlət başçısı münaqişənin həlli regionun sürətli inkişafına səbəb olacağını da qeyd edib. Ölkə başçısı bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yarandığını, Türkiyə ilə Rusiyanın səylərinin birləşdirməsi Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirəcəyini deyib.
Rusiyanın münaqişə zonasına hərbi müşahidəçilər göndərilməsinə dair təklifi, bu məsələ barədə rəsmi Bakının mövqeyi ilə bağlı verilən suala cavabında İlham Əliyev münaqişənin davam etməsi heç kimin marağında olmadığını və regiona sülhməramlıların göndərilməsinin nizamlamanın sonuncu mərhələsi olduğunu deyib. Cənubi Qafqazın üç ölkəsi ilə dövlət sərhədləri olan Türkiyənin münaqişənin nizamlanmasında mühüm rolunu vurğulayaraq hazırda Türkiyənin təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibi olduğunu vurğulayıb. Həmçinin bildirib ki, Azərbaycan münaqişənin beynəlmiləlləşməsinin tərəfdarı deyildir. “Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq. Təyini-müqəddərat beynəlxalq hüququn mühüm prinsipidir, ancaq o, ölkənin ərazi bütövlüyünü poza bilməz”- deyə bildirən ölkə başçısı Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmayacağını bir daha diqqətə çatdırıb.

Zaqatala Rayon İcra Hakimiyyəti Başçısı
Aparatının İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin baş məsləhətçisi

Sərxan Maqsudov

Keçidlər