Şriftin ölçüsü :

Saytın rəngi :

"Ermənistan da daxil olmaqla indiyədək heç kim "Dağlıq Qarabağ respublikası”nı tanımayıb.

30 oktyabr 2020 | 16:00

Sentyabr ayının 27-dən bu günə qədər davam edən qələbə dolu tarixi zəfər günlərimizdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  müxtəlif televiziya kanallarına, qəzetlərə verdiyi müsahibələr yaşadığımız qürur tariximizin özü qədər tarixidir. Bunlardan biri də cənab İlham Əliyevin Fransanın “Figaro” qəzetinə verdiyi müsahibədir. Müsahibənin əvvəlində ölkə başçısı bir daha hərbi əməliyyatlara Ermənistanın başladığını vurğulayaraq bunun üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribatı olduğunu bildirib.
Ermənistan strateji enerji infrasturkturunu ələ keçirmək niyyətinin puça çıxdığını söyləyən cənab prezident qeyd edib ki, Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və Azərbaycanı, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi. Eyni zamanda münaqişəyə üçüncü ölkələri cəlb etmək və münaqişəni beynəlmiləlləşdirmək məqsədinə də adekvat cavab verildiyini vurğulayıb.
Jurnalistin Azərbaycanın nəinki təkcə boru kəmərlərinin habı, eyni zamanda, internet fiberoptik xətlərinın habı olmaq missiyası, Azərbaycan üzərindən Avropadan Mərkəzi Asiyaya birbaşa bağlantını nəzərdə tutan bu layihənin hələ də mümkün olduğunu və ya qeyri-mümkün olduğu barədə sualını cavanlandıran İlham Əliyev deyib ki, Azərbaycan nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə artıq regional mərkəzə çevrilib. Azərbaycanın infrastruktur layihələrinə yatırdığı sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnib, Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib. Eyni zamanda Azərbaycanın informasiya texnologiyaları  sektoruna böyük sərmayələr yatırdığını vurğulayıb.
Daha sonra cəbhədə hazırda baş verən əməliyyatları təsvir edən dövlət başçısı bildirib ki, uğurlu əks-hücum nəticəsində Azərbaycan işğal olunmuş ərazilərin, şəhər və kəndlərin bir hissəsini azad edilib,artıq İranla da beynəlxalq sərhəd bərpa edilib. Ermənistan tərəfi isə döyüşlərdə məğlub olmaqla yanaşı atəşkəsi iki dəfə pozaraq Gəncə şəhərinə ballistik raket atıb. Əgər onlar atəşkəsi pozmasaydılar bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı.
Müsahibə zamanı Ermənistan tərəfinin dezinformasiya yaydığını deyən cənab prezident bildirib ki, müharibədən əvvəl Türkiyənin F-16 qırıcı təyyarələri hərbi təlimdə iştirak etmək üçün Azərbaycanda idilər və Ermənistanın dağa çırpılan Su-25 təyyarəsinin Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verilməsi həqiqəti əks etdirmir. Sözlərinə davam edən olkə başçısı deyib ki, onların oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum etmələri beynəlxalq terror əməli, həmçinin Ermənistanın hərbi cinayət siyasətinin daha bir təzahürü idi. Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşıyacaqlar.
Türkiyənin müdaxiləsini və Türkiyədən müxalif Suriya döyüşçüləriilə bağlı sualı cavablandıran İlham Əliyev Türkiyənin iştirakına dair heç bir  sübutun olmadığını, Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçünün olmadığını və bütün bunların dezinformasiya olduğunu söyləyib. Qeyd edib ki, Azərbaycanın 100 min nəfərdən ibarət nizami ordusu, müasir avadanlığı  və 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanları vardır və Azərbaycana əcnəbilər lazım deyildir.
Sözlərinə davam edən cənab prezident Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə kömək edən müasir silahları almaq imkanı olduğunu və Azərbaycana hərbi avadanlığı ən çox təchiz edən ölkələrin Türkiyə və İsrail deyil, Rusiya olduğunu söyləyib. Eyni zamanda bildirib ki, Azərbaycan Rusiyadan aldığı silahlara görə pul odəyir, lakin  Ermənistan Rusiyadan onları pulsuz əldə edir.
İranın hərbi əməliyyatlar zamanı döyüşlərin sərhəddə keçirilməsi ilə bağlı şikayətinə dair ünvanlanmış suala cavab verərək qeyd edib ki, İranın rəhbərləri, Azərbaycan, həm də Ermənistan tərəfi ilə danışmışdırlar. Toqquşmalar İranla sərhəd olan Araz çayının yaxınlığında gedirdi .Lakin bu gün Azərbaycan-İran sərhədi erməni işğalçılarından tamamilə təmizlənib. Buna görə orada artıq heç bir toqquşma baş vermir və Araz çayının o biri tərəfində - İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaqdır.
Müharibəni durdurmaq üçün mümkün ən yaxşı vasitəçi kim olduğu məsələsinə gəldikdə isə “ATƏT-in Minsk qrupu həmsədr ölkələri 28 ildir ki, heç bir nəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağa kömək etməyə çalışırlar. Bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir. Onlar Azərbaycanın istinad etdiyi və erməni qoşunlarının çıxarılmasını tələb edən qətnamələri qəbul etmişdir. Lakin əfsuslar olsun ki, onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər. Buna görə Ermənistanın hərbi hücumundan sonra Azərbaycan özünü müdafiə etməli və ədaləti güc yolu ilə qorumalı idi. Bunu da uğurla edirik” – deyə  dövlət başçısı bildirib.
Münaqişə ilə bağlı Azərbaycanın mövqeyini bir daha vurğulayan İlham Əliyev  Azərbaycan bu gün dayanmağa hazır olduğunu söyləyib. İki dəfə atəşkəs elan olunduqdan sonra Ermənistan onu pozdu, əgər onlar bu gün dayansalar, Azərbaycan  da dayanar. Ermənistan indi dayansa və konstruktiv davransa, Fransa, Rusiya və ABŞ tərəfindən işlənib hazırlanmış və Azərbaycanın sadiq olduğu əsas prinsiplərə açıq şəkildə əməl etsə, onda əlbəttə hər şey dayanar və geri danışıqlar masasına qayıdarıq.
İki millətin, iki xalqın barışacağına əminliyini ifadə edən Prezident İlham Əliyev vurğulayıb ki, XXI əsrdə özünü təcrid etmək, etnik təmizləmə aparmaq və de-fakto vəziyyəti ayrılmağa çevirməyə çalışmaq mümkün deyil. "Ermənistan da daxil olmaqla indiyədək heç kim "Dağlıq Qarabağ respublikası”nı tanımayıb. Əminəm ki, heç kim onu tanımayacaq. Ona görə də Qarabağın gələcəyi üçün, təkcə Dağlıq Qarabağ üçün deyil, bütün Qarabağ üçün, - bu, Azərbaycanın böyük regionudur, - ermənilər və azərbaycanlılar üçün ən yaxşı yol sülh şəraitində, harmoniyada yaşamaq və yenidən yaxşı qonşu olmağa çalışmaqdır. Mənim planım bundan ibarətdir”, - deyə dövlətimizin başçısı bildirib.
Müharibə və toqquşmaların ilk qurbanları Dağlıq Qarabağdakı azərbaycanlılar olduğunu söyləyən cənab prezident Dağlıq Qarabağda, əsasən Şuşada, eləcə də paytaxt Xankəndidə yaşayan 40 min azərbaycanlı, o cümlədən Ermənistanda yaşayan 250 min azərbaycanlının tamamilə etnik təmizələməyə məruz qaldığından söz açıb və deyib ki, Gürcüstanın bəzi kəndlərində, Rusiyada azərbaycanlılar və ermənilər yanaşı yaşayırlarsa bu Dağlıq Qarabağda da mümkündür.
Türkiyə Azərbaycan məsələsinə toxunan jurnalistə İlham Əliyev “Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. O dedi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Beləliklə, bu, çox güclü siyasi dəstəkdir və buna görə çox minnətdarıq. Azərbaycan döyüş meydanında nə edirsə özü edir. Bəli, müasir silahlarla, müasir avadanlıqlarla, lakin Vətənimizi azad edən Azərbaycan əsgərləri və zabitləridir” cavabını verərək Türkiyənin çox müsbət və mühüm rolunun olduğunu, bir çox sınaqlardan keçən Türkiyə Azərbaycan münasibətlərinin əbədi olduğunu deyib.
Jurnalistin növbəti sualı Türkiyənin Mərkəzi Asiyanın türk xalqları ilə birbaşa əlaqəyə sahib olmaq üçün Ermənistanı silmək planı barədə olub. Ölkə başçısı öz cavabında Sülh sazişi imzalanandan sonra bütün kommunikasiyalar açılacağı təqdirdə Türkiyənin, Azərbaycanın və Mərkəzi Asiyanın quru əlaqəsi olacağını, Ermənistan hökumətinin əhalini Türkiyə ilə qorxutmamalı, türk və Azərbaycan xalqlarına qarşı nifrəti dayandırmalı olduğunu deyib.
Müsahibə zamanı Azərbaycan Gürcüstan münasibətlərinə də toxunulub. Cənab prezident Gürcüstanla münasibətlərin mükəmməl olduğunu qed edərək Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli əməkdaşlıq formatının mövcudluğu, Bütün əsas nəqliyyat və enerji kommunikasiyamızın  Gürcüstan ərazisindən keçdiyi , Gürcüstanda böyük azərbaycanlı icması olması barədə məlumat verib.
Sonda “Layihələri icra edərkən Siz dini nəzərə almırsınız” sualına Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan dünyəvi ölkədir. Konstitusiyaya əsasən din dövlətdən ayrıdır. Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edilir. Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyət qarşısında bəyanatla çıxış edərək Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirib” – deyə cavab verib. Vurğulayıb ki, Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. 

Zaqatala Dövlət Arxivinin müdiri:                Mahirə Mustafayeva

Keçidlər