Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala ziyalısı: Xalqımız tarixi günlər yaşayır

21 oktyabr 2020 | 16:00

Müzəffər Azərbaycan Ordusu savaş meydanında inamla irəliləyir və son 30 ildə erməni qəsbkarlarının işğalı altında qalan tarixi ərazilərimizi azad edir. Düşmən məğlubiyyət acısını hiss etdikcə, sonunun çatmaqda olduğunu anladıqca barbarlığın ən dəhşətli örnəklərini sərgiləyir. Cəbhə bölgəsindən aralıda yerləşən yaşayış məntəqələrimizin müntəzəm olaraq artilleriya atəşinə tutulması, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin ballistik raketlərlə vurulması, dinc insanların yatdığı yerdə qətlə yetirilməsi ümumbəşəri dəyərlərə qarşı bir terrordur. Faşist mahiyyətindən əl çəkməyən Paşinyan iqtidarının törətdiyi hərbi cinayətlər dünyanın qəzəbinə səbəb olmalı, Ermənistanın rəhbərliyi məsuliyyətə cəlb edilməlidir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Gülniyar Məmmədova söyləyib.

Ermənistanın Azərbaycanın işğal altındakı torpaqlarında maddi və mədəniyyət abidələrinin məhv və talan edilməsinə, saxtalaşdırılmasına yönələn cinayətkar əməllərinin bəşər sivilizasiyasına qarşı törədilən beynəlxalq cinayət olduğunu vurğulayan rayon ziyalısı bildirib ki, Paşinyan hakimiyyəti Ermənistanı dərin maliyyə-iqtisadi, sosial-siyasi bataqlığa salıb və daxili etirazlar artdıqca diqqəti mövcud problemlərdən yayındırmaq üçün Azərbaycana qarşı tarixi cinayətlərinin sırasını genişləndirməkdə davam edir.

Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə savaş meydanında əsl qələbə salnaməsi yazdığını vurğulayan MKS-nin direktoru deyib: “Bugünkü hərbi uğurlarımız, ilk növbədə, Ali Baş Komandan İlham Əliyevin diplomatik, həmçinin hərbi-siyasi və iqtisadi sahədə düşünülmüş siyasətinin sayəsində mümkün olub. İnanırıq ki, işğal altında olan bütün şəhər və kəndlərimiz xalqımızın dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində tezliklə mənfur düşməndən azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Azərbaycan hökuməti dağıdılmış şəhər və kəndlərimizi yenidən quracaq, abadlaşdıracaq. Ali Baş Komandanın yüksək peşəkarlığı sayəsində xalqımızın milli maraqları daim qorunacaq”.

Keçidlər