Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada ali məktəblərə qəbul imtahanları dörd mərkəzdə aparılıb

21 avqust 2020 | 16:00

Dövlət İmtahan Mərkəzinin (DİM) avqustun 21-də Zaqatala rayonunda keçirdiyi I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı başa çatıb. İmtahanlarda Balakən, Zaqatala və Qax rayonlarından olan abituriyentlər iştirak ediblər.

İmtahanların keçirilməsi üçün Zaqatalada 4 mərkəz ayrılıb. Qəbul imtahanları Zaqatala şəhərindəki 1, 2, 3 saylı və Qazangül qəsəbə tam orta məktəblərində təşkil olunub.

Karantin rejimi dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. İmtahana başlamazdan əvvəl binaya daxil olan iştirakçıların məsafədən ölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan zallarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə 931 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 12 imtahan rəhbəri və 88 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 68 zal ayrılıb. İmtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

Keçidlər