Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan tərəfi dərk etməlidir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq...

14 iyul 2020 | 16:00

Son günlərdə Ermənistan tərəfinin sərhəddə atəşkəs rejimini kobud şəkildə pozması Ermənistan hakimiyyətinin pandemiyaya qarşı mübarizəsinin uğursuz olması səbəbilə daxili narazılığın artdığı dövrə təsadüf edir. Paşinyan hökuməti Azərbaycan ilə sərhəddə atəşkəsi pozaraq son zamanlarda ona qarşı revanş alan siyasi müxalifətin fəaliyyətini məhdudlaşdırmağa, Azərbaycanın düşmən obrazını qabardaraq erməni xalqını həmrəyliyə dəvət etməyə səy göstərir. Azərbaycan ordusu Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə Ermənistanın törətdiyi növbəti təxribata layiqli cavab vermişdir. Rəsmi Yerevan Ermənistan tərəfinin itkilərini gizlətsə də, sosial şəbəkələrdə Ermənistan vətəndaşlarının yazışmalarından, eyni zamanda Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yayılmış videolardan düşmən mövqelərinə güclü zərbə endirilməsi, xeyli sayda canlı qüvvə və texnikası məhv edilən qarşı tərəfin təlaş içində olması görünür.
Cəbhə xəttindəki operativ məlumatla tanış olan kimi Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirmiş və öz çıxışında Ermənistan tərəfinin bütün cəhdlərinin iflasa uğradığını, hərbiçilərimizin qisasının alındığını, bundan sonra da alınacağını, düşmənə yenidən öz yerinin göstəriləcəyini bildirmişdir.
ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətindəki sədrinin şəxsi köməkçisi Anjey Kaspirşik Azərbaycanla Ermənistan arasındakı sərhəddə vəziyyətin gərginləşməsi nəticəsində insanların həlak olmasından təəssüfləndiklərini bildirərək atəşkəs rejiminin son pozulmalarını pisləmiş, tərəfləri vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün hər cür zəruri tədbirləri görməyə çağırmışdır. Ədalətli mövqeyi Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd müvafiq qətnaməsi və digər beynəlxalq sənədlərlə də dəstəklənən Azərbaycana bu günlərdə qardaş Türkiyə Cumhuriyyəti, İran İslam Respublikası, Pakistan, Ukrayna da dəstək olaraq Ermənistan təxribatını pisləyiblər.
Təəssüf hissi ilə qeyd etməliyik ki, Azərbaycanın son vaxtlar beynəlxalq arenada böyük uğurlara imza atmasını gözü götürməyən Ermanistanın törətdiyi bu təxribat nəticəsində hərbiçilərimizdən bir neçəsi şəhid olmuşdur. Şəhidlərimizin dəfn olunduğu rayonlarda hərbiçilərimizin nəşi yerli əhali tərəfindən böyük hörmət və sevgi ilə qarşılanmışdır. İnsanlar, igid oğullar mənfur düşmənə qarşı intiqam, torpaqlarımızın azad olunması üçün hərbi əməliyyyatlara tam  dəstək ifadə edirlər. Ölkədə bu günlər əsl ordu-xalq vəhdəti nümayiş etdirilir. Ermənistan tərəfi dərk etməlidir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq, daha da sıx birləşəcək və  şəhidlərimizin qanı yerdə qalmayacaqdır.

 

Şəki Regional Mədəniyyət İdarəsinin
Zaqatala rayon üzrə nümayəndəsi,     
baş məsləhətçi                                                        Fizzə Mahmudova

Keçidlər