Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün ümummilli lider Heydər Əliyevin ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

28 iyun 2020 | 16:00

XX əsrin əvvəllərində milli dövlətçiliyimizi qorumaq, ölkəni xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün özünün silahlı qüvvələrini yaratmaqla milli dövlətçiliyimiz yolunda ölçüyəgəlməz, qarşısıalınmaz bir prosesə başlanılmış, lakin Xalq Cümhuriyyətinin devrilməsi nəticəsində ölkəmizdə ordu quruculuğu prosesi müəyyən bir zaman kəsiyində yarımçıq qalmışdır. Müstəqil dövlətçiliyin bərpası ərəfəsində və bərpasından sonrakı iki ildə də Azərbaycanda hərbi və silahlı qüvvələrlə bağlı vəziyyət çox acınacaqlı olmuşdur. Dağlıq Qarabağda silahlı separatizmin baş qadırdığı və Ermənistanın hərbi təcavüzə əl atdığı bir dövrdə respublikamızda hərbi işin, silahlı müdafiə tədbirlərinin təşkilində ciddi nöqsanlara, hətta cinayətkarlıq hesab edilə biləcək laqeydliyə və biganəliyə yol verilirdi. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı milli müstəqillik arzularının qarşısındakı maneələrin dəf edilməsini, dövlət quruculuğu prosesinin, o cümlədən hərbi quruculuğun başlanmasını mümkünləşdirdi, bütün sahələrdə, o cümlədən ordu quruculuğu istiqamətində aparılan siyasət uğurları təmin etdi.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçildikdən dərhal sonra Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı qəbul etdiyi mühüm qərarlar, silahlı qüvvələrin dövlətin tam nəzarətinə keçməsi Qarabağ cəbhəsindəki vəziyyətə müsbət dinamika gətirə bildi. Xalqımızın Ümummilli Liderinə inam əsgər və zabitlərimizə fiziki-mənəvi güc verdi, Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, ordumuz cəbhədə təşəbbüsü ələ aldı. 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarının nəticəsiz qaldığını görən düşmən qısa müddətdə ordumuzun gücü qarşısında atəşkəsə razılıq verməli oldu.
Ulu Öndər həmin dövrdə Silahlı Qüvvələrimizin bütün növlərinin daha səmərəli şəkildə yenidən təşkili və inkişafı, şəxsi heyətin sosial-məişət problemlərinin həlli, hərbi təhsil sisteminin təkmilləşdirilməsi və genişləndirilməsi, gənclərin hərbi vətənərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində mühüm və təxirəsalınmaz tədbirlər həyata keçirdi. Tarixi varislik ənənəsi əsas götürülərək, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun gününün Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilməsi barədə fərman imzalandı.
Bu gün ümummilli lider Heydər Əliyevin ordu quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafı təmin edən ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir.
Ölkə başçısının göstərişi ilə xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılmış, bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulmuş, hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanmışdır. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır.
Ölkəmizdə ordu quruculuğu təkcə fiziki güc, müasir silah və texnika amillərinə əsaslanmır. Azərbaycan Ordusunda hər bir əsgər və zabitin ilk olaraq ideoloji cəhətdən silahlanması tələbi qoyulur, ölkəmizin qədim və müasir tarixi ilə əlaqədar gənclərimizdə dolğun təəssürat yaradılır. Bu, əslində Azərbaycanın ordu quruculuğu tarixində çox incə hərbi-diplomatik bir manevrdir.
Güclü ordu üçün ən əsas şərtlərdən biri də şəxsi heyətin mənəvi-psixoloji vəziyyətidir. Əgər psixoloji durum yüksək səviyyədə olarsa, ən müasir texnika ilə təchiz olunmuş düşmənə də qalib gəlmək olar. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət Azərbaycan Ordusunun şəxsi heyətində mənəvi-psixoloji ruh yüksəkliyi yaradıb.
Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern bir ordusunun olması ilə də diqqəti cəlb edir. Bu gün Azərbaycan Ordusu dünyanın ən müasir silah-sursatı ilə təchiz olunub və dünyada 50 ən güclü ordu sırasındadır. Azərbaycan kimi gənc bir dövlətin ordusunun dünyanın ən güclü orduları sırasında olması asan başa gələn məsələ deyil və bu, hər bir azərbaycanlı üçün qürurvericidir.
Bu gün Azərbaycan bölgədə, dünya miqyasında öz gücünə arxalanan və öz hesabına, heç kimdən asılı olmayan ölkədir. Güclü iqtisadi inkişaf, gəlirlərin durmadan çoxalması hərbi xərclərin ilbəil artmasına imkan verir. Eyni zamanda, Azərbaycanda son illərdə yerli istehsal da təşkil edilmişdir. Müdafiə Sənayesi Nazirliyi hərbi təlabatın mühüm hissəsini istehsal edir. 2005-ci ildən bu günə qədər Müdafiə Sənayesi Nazirliyinin xətti ilə1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur.
Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu son dövrlərdə qazanılan hərbi uğurlar da aydın surətdə göstərir: Azərbaycan Ordusunun qüdrəti gündən-günə artır, qələbələr, nailiyyətlər bir-birini əvəzləyir. Ordumuzun Aprel döyüşlərində qazandığı qələbə, eləcə də 2018-ci ildə həyata keçirdiyi uğurlu Naxçıvan əməliyyatı işğal atındakı torpaqlarımıza tam nəzarət etməyə imkan verir. Bu əməliyyat nəticəsində əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Azərbaycan Ordusuna Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək imkanı yaradır. Aprel döyüşləri və Naxçıvan əməliyyatı bir daha göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə qadirdir. Münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq.
Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir və Ermənistanda diktatura hökm sürür. Əgər obyektiv təhlil aparsaq görərik ki, orada inkişaf perspektivləri yoxdur. Ermənistanda demoqrafik vəziyyət ildən-ilə pisləşir, təbii azalma müşahidə olunur, hətta təmas xəttini qorumaq üçün Ermənistan ordusunda canlı qüvvə çatışmır. Bütün sahələrdə də üstünlük bizim tərəfimizdədir. Biz bundan sonra da milli maraqlarımızı bütün vasitələrlə müdafiə edəcəyik və bununla bərabər bölgədə genişmiqyaslı əməkdaşlığın yaranması üçün səylərimizi göstərəcəyik. Bu genişmiqyaslı əməkdaşlığın əsas amili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. İşğalçı Ermənistan bu gün terroru və faşizmi dövlət siyasəti səviyyəsinə qaldırıb və işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək istəmir. Hələ ki onların vaxtuzatma və beynəlxalq vasitəçiləri aldatmaq cəhdləri davam edir. Çox təəssüf hissi ilə deyə bilərik ki, bəzi beynəlxalq qurumlar onların qeyri-səmimi davranışına, bir növ, göz yummaq istəyirlər. Açıq-aydın görünən danışıqları pozmaq cəhdlərinə, Ermənistan tərəfindən göstərilən bu cəhdlərə, elə bil ki, bəraət qazandırılır.
Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdi. Lakin beynəlxalq təşkilatlar buna reaksiya vermədilər. Ölkəmizdəki ən xırda olaya ifrat operativliklə neqativ münasibət bildirən beynəlxalq təşkilatlar bu hadisəyə də göz yumdular. Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar Ermənistanın beynəlxalq hüquq normalarına zidd hərəkətlərinə və işğal siyasətini davam etdirməsinə, insan hüquq və azadlıqlarının pozulmasına şərait yaradırlar. Beynəlxalq aləm heç olmasa öz qərarlarına hörmət etməlidir.

Zaqatala Veteranlar Şurasının sədri: Ənvər Kərimov

Keçidlər