Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalalı gənclər “Bir-birimizi qoruyaq” kampaniyası çərçivəsində maarifləndirmə işi aparırlar

23 iyun 2020 | 16:00

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) başlatdığı “Bir-birimizi qoruyaq!” kampaniyasına fəal qoşulan Zaqatala rayonunun gənc könüllüləri insanların sıx toplaşdığı ərazilərdə vətəndaşlar arasında mütəmadi olaraq maarifləndirmə işləri aparır, onlara pandemiyaya qarşı istifadə üçün əlcək və tibbi maskalar paylayırlar.

Növbəti aksiya zamanı gənclər koronavirusdan qorunmaq məqsədilə hazırlanan və üzərində “Burada qaydalara əməl olunur”, “Aralı əyləşin, sağlam olun”, “Məsafə saxla”, “Bir-birimizi qoruyaq” və digər təbliğat şüarları yazılmış stiker-etiketləri əhalinin daha çox toplaşdığı məkanların qarşısına, ictimai nəqliyyat vasitələrinə, şəxsi avtomobillərə yapışdırıblar. Gənclər, eyni zamanda, parklarda gediş-gəliş zamanı sosial məsafənin saxlanılması üçün istiqamətləndirici nişanlar da çəkiblər.

Belə tədbirlər davamlı xarakter daşıyır. Əsas məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olmaqdır.

Keçidlər