Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru

21 may 2020 | 16:00

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın hərtərəfli inkişaf strategiyasının ölkə prezidenti İlham Əliyev tərəfindən qlobal proseslərə və müasir çağırışlara adekvat şəkildə daha da təkmilləşdirilməsi, respublikanın ümumi inkişafında milli resurslardan istifadə imkanlarının daha səmərəli və elmi əsaslar üzərində səfərbər edilməsi,  siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirilməsi ölkəmizi dünyada maraqla qarşılanan və bir çox ölkələr üçün örnəyə çevrilən milli inkişaf modelinə sahib etmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu ilin sonundan etibarən aparılan islahatlar iqtisadiyyatda şəffaflığın səviyyəsini artırmış, iqtisadi inkişafın yeni mənbələrinin tapılmasına imkan yaratmış, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmiş, bütün bu nəticələr  özünü eyni zamanda dövlət büdcəsinin gəlirlərinin yüksəlməsində, ixracın və Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin artmasında göstərmişdir.
Son illər ölkə  iqtisadiyyatının sürətli  inkişafının təmin olunması  ilə yanaşı, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması,  Azərbaycanda kölgə iqtisadiyyatının kiçildilməsi istiqamətində davamlı tədbirlər görməklə islahatlar həyata keçirilmişdir.  Kölgə istisadiyyatına qarşı aparılan mübarizə tədbirləri nəticəsində  Azərbaycanda vergi daxilolmalarında ciddi artıma nail olunmuş, dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulmuş, bütün sahələrdə maliyyə intizamı yaxşılaşmışdır.
Bütün bəşəriyyətin həyati təhlükə ilə sınağa çəkildiyi bir dövrdə karonavirus pandemiyasının bütün dünyada yaratdığı qlobal problemlərə baxmayaraq ölkədə aparılan  böhranın idarəedilməsi, xüsusən də vətəndaşın sağlamlığının və sosial təminatını üstün tutan uğurlu siyasət dövlətlər üçün təqdirəlayiq nümunəyə çevrilmişdir.
Ölkəmizdə ilk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərinin həlli ön plana çəkilmiş,  bu məqsədlə böyük məbləğdə vəsait ayrılmış, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti  iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlmişdir.  Dövlət və və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılmış, dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilmiş,  hər hansı əsassız ixtisarlara yol verilməməsi üçün bütün dövlət qurumlarına müvafiq tapşırıq verilmişdir.  Pandemiya ilə əlaqədar qeyri-dövlət sektoru üzrə dövlət tərəfindən təqdim olunan dəstək paketləri və inzibati tədbirlər nəticəsində əmək müqavilələrinin sayında artıma nail olunmuşdur.
Bununla yanaşı koronavirus pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi göstərilmiş, pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində çalışan, əmək müqaviləsi olan muzdlu işçilərin əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyi  göstərilmişdir. Əhalinin məşğulluq imkanlarının  artırılması  məqsədilə məşğulluq orqanlarının fəaliyyəti gücləndirilmiş,  DOST İş Mərkəzi vasitəsi ilə əlavə ödənişli ictimai iş yerləri yaradılmışdır.
Dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər  təbii olaraq öz dövriyyəsini ağartmış subyektləri əhatə edir.  Qeyri-formal fəaliyyət göstərənlər isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum oldular, dövlət bütün güzəşt və stimullaşdırıcı tədbirlərini yalnız dövlətlə əməkdaşlıq edən sahibkar və vətəndaşa şamil edə bildi. Lakin ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi. Aprelin 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda verdiyi  tapşırığa əsasən  pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutuldu. Halbuki, hər bir sahibkar şəffaf   fəaliyyət göstərməklə dövlətin  bütün maliyyə yardımından faydalana və daha çox sosial yardım əldə etmiş olardı.  Ona görə də bu dövrün “acı nəticələri”ni nəzərə alaraq hər bir sahibkar və vətəndaş şəffaf fəaliyyət göstərməli,  fəaliyyətində məsuliyyət və nizam-intizama üstünlük verməli, öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutaraq ən zəruri tədbirləri həyata keçirən dövlətimizdə  aparılan islahatlara və təşəbbüslərə, dövlət başçısının çağırış və tövsiyələrinə  lazımi dəstəyi verərək həmrəylik nümayiş etdirməlidir.

Zaqatala rayon sahibkarı:  Qəmər Hüseynova.

Keçidlər