Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsi bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətdir

25 fevral 2020 | 16:00

Öz miqyasına və dəhşətlərinə görə heç bir tarixi hadisə ilə müqayisə olunmayan Xocalı soyqırımının törədilməsində əsas məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qırmaq idi. Lakin xocalılar soyuq və şaxtalı fevral gecəsində özlərini qəhrəman kimi apararaq təpədən dırnağa qədər silahlanmış erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşub, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazıblar.

Bu fikirlər Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar fevralın 25-də Zaqatala şəhərində keçirilən anım tədbirində səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Anım tədbirində çıxış edənlər insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildiriblər. Qeyd olunub ki, erməni millətçilərinin törətdiyi bu vəhşilik və vandalizm aktı bəşəriyyətin genosid kimi tanıdığı Holokost, Xatın faciələri ilə eyni səviyyədə qiymətləndirilir.

Diqqətə çatdırılıb ki, ərazilərimizin 20 faizinin düşmən tapdağı altında olduğu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşadığı bir dövrdə keçmişi tanımaq və tanıtdırmaq ölkəmizin bu günü və gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərlə bağlı tarixi hadisələrin ölkə daxilində və ölkədən kənarda tanıdılması məqsədilə görülən işlər dövlətimizin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir. Artıq dünyanın bir çox ölkələrində erməni millətçilərinin törətdikləri faciələr soyqırımı aktı kimi tanınır.

Soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri önə çəkilib, hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyi vurğulanıb.

Həmin gün Zaqatala rayonunda məskunlaşmış Xocalıdan olan məcburi köçkün ailələrinə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardımı göstərilib.

Keçidlər