Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatala rayonunda 2019-cu ilin yekunları həsr olunmuş yığıncaq keçirilib

19 fevral 2020 | 16:00

2019-cu ildə Zaqatala rayonunda sənaye sahəsi üzrə məhsul buraxılışı əvvəlki illə müqayisədə 24,1 faiz artaraq 121 milyon 472 min manat təşkil edib. Rayonda istehsal olunan fındıq, tütün, qızılgül və digər kənd təsərrüfatı məhsullarının ixrac edilməsi nəticəsində ölkəyə 67,3 milyon ABŞ dolları və ya 114,5 milyon manat vəsait daxil olub. Bu, əvvəlki illə müqayisədə 26,8 faiz çoxdur. İxrac olunan məhsullardan daxil olan vəsaitin 87,9 faizi və ya 100,6 milyon manatı fındıq və fındıq məhsullarının satışının payına düşür.

Bu barədə fevralın 19-da Zaqatalada 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə rayonda istehsal edilən məhsulların sərgisi ilə tanış olublar.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin hesabat məruzəsində diqqətə çatdırılıb ki, 2019-cu ildə rayonda 351 milyon 312 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ötən il əsas kapitala yönəldilən investisiyaların ümumi həcmi 25 milyon 575 min manat olub. Hesabat dövründə rayon iqtisadiyyatına 12 milyon 535 min manat həcmində özəl investisiya qoyulub. Bu müddət ərzində rayonda 998-i daimi olmaqla, 1622 yeni iş yeri açılıb.

Bildirilib ki, aqrar sektorda həyata keçirilən davamlı tədbirlər nəticəsində 2019-cu ildə Zaqatala rayonunda kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki illə müqayisədə 6 milyon 238 min manat və ya 4,9 faiz artaraq 133 milyon 989 min manat olub.

Hesabat ilində rayonun kənd təsərrüfatı üçün ənənəvi olan tütünçülük, baramaçılıq, fındıqçılıq və gülçülüyün inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib. Ötənilki mövsümdə zaqatalalı fermerlər 615,2 hektar sahədə tütün yetişdirib, 607 ton quru tütün istehsal ediblər. Yaş barama istehsalı əvvəlki illə müqayisədə 10,4 faiz artaraq 53 tona çatıb. Keçən il rayonun fındıq bağlarından 15 min 344 ton məhsul tədarük edilib. Hesabat ilində rayonda 676,4 hektar sahədə yeni fındıq bağları salınıb. Ümumiyyətlə, son 4 ildə rayonda fındıq bağlarının sahəsi iki dəfədən çox artırılaraq 20 min 181,4 hektara çatdırılıb.

Bildirilib ki, ötənilki mövsümdə rayonun fermerləri 10 min 990 hektar payızlıq taxıl sahəsindən 33 min 169 ton məhsul götürüblər. Çay plantasiyalarından 55,5 ton yaşıl çay yarpağı tədarük olunub. “AzRose” MMC-nin gül plantasiyalarından 280 ton 71 kiloqram qızılgül ləçəyi və 64 ton 800 kiloqram “Lavanda” gülü yığılıb. Tədarük olunan gül ləçəklərindən 71,5 kiloqram qızılgül və 1 ton 46 kiloqram “Lavanda” yağı istehsal olunub. Məhsulun bir hissəsi ABŞ, Bolqarıstan və Litvaya ixrac edilib. Bundan əlavə, müəssisədə istehsal olunan 1,5 ton gül suyu, 1 ton nanə suyu və 740 kiloqram qurudulmuş lavanda çiçəyi daxili tələbatın ödənilməsi məqsədilə qida və tibb sənayesi müəssisələri tərəfindən istehlak olunub.

Diqqətə çatdırılıb ki, 2019-cu ildə rayonda bütün maliyyə mənbələri hesabına 17,2 milyon manat həcmində tikinti-quruculuq və abadlıq işləri görülüb. Rayonun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına 37 kilometr uzunluğunda Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad, 42 kilometr uzunluğunda Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğanlı və 13,5 kilometr uzunluğunda Muxax-Zəyəm-Yuxari Çardaxlar-Qarqay avtomobil yollarının yenidən qurulması işləri başa çatdırılaraq istifadəyə verilib.

Hesabat ilində Zaqatala şəhərində çörək və qənnadı məhsulları istehsalı müəssisəsi, şəhərin şimal-qərb yaşayış massivində və Əliabad qəsəbəsində yem emalı, Aşağı Tala kəndində və Muxax bələdiyyəsi ərazisində ət kəsimi məntəqələri tikilib. “Aqrarco” MMC tərəfindən Aşağı Tala kəndi ərazisində yeni fındıq emalı zavodunun tikintisinə başlanılıb.

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə ötən il rayonun kəndlərində daha 13 ədəd subartezian quyusu qazılıb.

Müşavirədə, həmçinin 2019-cu ildə əhalinin elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil edilib.

Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev müşavirədə çıxış edərək, 2019-cu ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlar barədə danışıb, tövsiyələrini bildirib.

Hesabat ili ərzində səmərəli fəaliyyətinə görə bir qrup şəxs rayon icra hakimiyyətinin fəxri fərmanı ilə mükafatlandırılıb.

Müşavirənin sonunda Prezident İlham Əliyevin 2019-cu il 25 dekabr tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilən kümçü Mahmud Mahmudova orden təqdim olunub.

Keçidlər