Şriftin ölçüsü :

Saytın rəngi :

Keçən il Zaqatalada 1622 yeni iş yeri açılıb

07 fevral 2020 | 16:00

Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində 2019-cu ildə Zaqatala rayonunda 998-i daimi olmaqla, 1622 yeni iş yeri açılıb.

Daimi iş yerlərinin 136-sı yeni yaradılan, 32-si mövcud müəssisə və təşkilatların, 830-u isə fiziki şəxslərin payına düşür. Bundan əlavə, ötən il digər tədbirlər üzrə 624 mövsümü iş yeri yaradılıb.

Qeyd edək ki, keçən il ölkəmizdə sosial sahədə reallaşdırılan çox böyük təşəbbüslər nəticəsində 4,2 milyon insanın sosial və maddi vəziyyəti yaxşılaşdırılıb. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artıb. Hazırda minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Müavinətlər 50 faizdən 2 dəfəyədək yüksəlib. Ötən il tələbələrin təqaüdləri artırılıb, şəhid ailələrinə birdəfəlik maddi yardım göstərilib, şəhid ailələrinin və məcburi köçkünlərin aylıq müavinətləri artırılıb. Sosial sahədə görülən bu kimi işlər bir daha təsdiqləyir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Keçən il sosial infrastrukturun yaradılması ilə bağlı önəmli addımlar da atılıb - 84 məktəb, 60 tibb müəssisəsi tikilib və təmir edilib. Son 16 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artıb, 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilib. Bu il ən azı 1500 şəhid ailəsi dövlət tərəfindən gözəl evlərlə, mənzillərlə təmin ediləcək. 7 min köçkün ailəsi üçün mənzillərin, evlərin verilməsi nəzərdə tutulur. Keçən il bu rəqəm 5 min idi. Beləliklə, təqribən 30-40 min köçkün yeni evlərlə təmin ediləcək. Bu il də dövlət xətti ilə 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılacaq. Həmçinin bu il ən azı 10 min insan özünüməşğulluq proqramına cəlb olunacaq.

Keçidlər