Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada Nəsiminin 650 illik yubileyi silsilə tədbirlərlə qeyd olunur

18 aprel 2019 | 16:00

Dahi şair və mütəfəkkir İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olan, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəsinə çevrilən ədəbi irsi dərin köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.

 Bu fikirlər Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı və Zaqatala Rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Nəsimi yaradıcılığında hürufizm” mövzusunda dəyirmi masada səsləndirilib.

Tədbirdə filialın direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayev çıxış edərək, dahi şairin zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatında tutduğu mövqe barədə ətraflı məlumat verib.

Dəyirmi masada Zaqatala Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülniyar Məmmədovanın “Nəsimi Azərbaycan hürufizm ədəbiyyatının görkəmli yaradıcısıdır” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, Nəsimi sufizmin əsasını təşkil edən hürufilik ideyalarının təbliğatçılarından biri olub. XIV əsrin sonlarında Azərbaycanda geniş yayılmış hürufi təşkilatları ilə əlaqə saxlayan Nəsimi hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini mənimsəyərək, bu təriqətin fikirlərini təbliğ edən şeirlər yazıb. Şair Nəiminin təxəllüsü ilə həmahəng səslənən “Nəsimi” təxəllüsünü qəbul edib.

Dəyirmi masada, həmçinin filialın müəllimi Qüdrət Qırtımovun “Nəsimi yaradıcılığı milli-mənəvi varlığımızın tərkib hissəsidir”, Mərkəzi Kitabxananın baş biblioqrafı Yasəmən Məmmədovanın “Cahana sığmayan şairin qərib məzarı”, İslam Universitetinin tələbəsi Röyal Musanın “XXI əsr gənclərinin Nəsimiyə məktubu” mövzularında məruzələri dinlənilib.

Tədbirin sonunda “Ey Nəsimi, cahanı tutdu sözün” adlı slayd nümayiş olunub.

Keçidlər