Şriftin ölçüsü :

Saytın rəngi :

Təhlükəsizlik orqanları ölkəmizdə əmin-amanlığın və sabitliyin təminatçısıdır

29 mart 2019 | 16:00

Tarixən çətin, keşməkeşli, eyni zamanda, şərəfli bir yol keçmiş Azərbaycan təhlükəsizlik orqanları bu il yaranmasının 100 illiyini qeyd edir. Azərbaycanın geosiyasi mövqeyi ilə bağlı xarici dövlətlərin strateji maraqları, regionda gedən proseslər müstəqil respublikamızın təhlükəsizliyinin möhkəmləndirilməsi işinin daha da təkmilləşdirilməsini tələb edir. Bu baxımdan, milli mənafelərin keşiyində ayıq-sayıq durmaq, Azərbaycanın hərtərəfli inkişafı üçün daha təhlükəsiz şəraiti təmin etmək digər aidiyyəti orqanlarla yanaşı, Dövlət Təhlükəsizlik Xidmətinin üzərinə düşən ən ümdə vəzifədir.

Bu fikirlər Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibətilə martın 28-də Zaqatala şəhərində keçirilən tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ümummilli Liderin adını daşıyan Mərkəzdə dahi rəhbərin mənalı ömür yolu və zəngin fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

Rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbər işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın təhlükəsizlik orqanlarının keçdiyi çətin və şərəfli inkişaf yolundan ətraflı bəhs olunub.

Bildirilib ki, istər sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycan təhlükəsizlik orqanlarının ölkəmizin milli maraqlarına xidmət edən qurum kimi formalaşmasında, struktur bölmələrinin təkmilləşdirilməsində, kadr potensialının azərbaycanlaşdırılması və gücləndirilməsində ümummilli lider Heydər Əliyevin böyük rolu və misilsiz xidmətləri olub. Ulu Öndərin adı Azərbaycan təhlükəsizlik orqanlarının tarixinə əbədi həkk olunub. Ümummilli Liderin bu orqana göstərdiyi diqqət və qayğı bu gün də uğurla davam etdirilir. Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev təhlükəsizlik orqanları əməkdaşlarının sosial təminatının və bu qurumun maddi-texniki bazasının gücləndirilməsinə xüsusi önəm verir.

Diqqətə çatdırılıb ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat-xidməti fəaliyyəti müasir beynəlxalq təcrübənin müsbət nəticələrinin tətbiqi əsasında təkmilləşir. Qurum öz işini müstəqil Azərbaycanın dövlətçilik prinsiplərinə, ölkə rəhbərinin tələblərinə uyğun şəkildə qurmaqla yanaşı, mütərəqqi tarixi peşəkarlıq ənənələrinə görə varisliyin təmin edilməsinə də diqqət göstərir.

Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Zaqatalanın hərbi prokuroru Mustafa Əsgərov, Rayon Polis Şöbəsinin rəisi Adil Ələkbərov, rayonun prokuroru Əli Abdullayev, Veteranlar Şurasının sədri Ənvər Kərimov Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarına əlamətdar bayram münasibətilə təbriklərini çatdırıb, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar.

Xidmətin İdarəsinin bir qrup əməkdaşına rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Sonda Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Keçidlər