Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar yaradılır

01 fevral 2019 | 16:00

Azərbaycanda dövlət-gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər respublikamıza rəhbərliyinin bütün dövrlərində sağlam gəncliyin, bu dövlətə sahib dura biləcək, onu inkişaf etdirəcək bir nəslin yetişməsinə çalışıb. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə yeniyetmə və gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar yaradılır.

Bu fikirlər 2 fevral - Gənclər Günü münasibətilə fevralın 1-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Gənclik – sabahın işıqlı yolu” mövzusunda tədbirdə səsləndirilib.

Rayonun fəal gəncləri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Tədbir iştirakçıları sonra Mərkəzin foyesində gənclərin əl işləri və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Rayon rəhbərliyinin, fəal gənclərin iştirak etdiyi tədbirin əvvəlində ölkə və Zaqatala gənclərinin uğurlarından bəhs edən film nümayiş etdirilib.

Gənclər və İdman İdarəsinin rəisi Araz Əliyevin hesabat məruzəsində rayon gənclərinin 2018-ci ildə dövlət quruculuğu, təhsil, idman, incəsənət və digər sahələrdə qazandıqları uğurlardan ətraflı söz açılıb. Bildirilib ki, ötən il rayonda gənclər siyasəti sahəsində 59, bədən tərbiyəsi və idman sahəsində isə 64 kütləvi tədbir keçirilib. Bu tədbirlərdə minlərlə gənc iştirak edib. Zaqatalanın gənc idmançıları respublika səviyyəli yarışlarda 19 qızıl, 22 gümüş, 29 bürünc medal əldə ediblər. Bundan əlavə, tanınmış idmançılar Gözəl Zutova, Ramilə Əliyeva, Ramin Qurbanov, Oruc Vəlizadə və Hacımurad Pirtiyev beynəlxalq yarışlarda 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, gəncləri əlamətdar bayram münasibətilə təbrik edib, onlara təhsildə, fəaliyyət göstərdikləri sahələrdə nailiyyətlər arzulayıb.

Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Tədbir gənclərin hazırladığı maraqlı konsert proqramı ilə başa çatıb.

Keçidlər