Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada 875 ton quru tütün istehsal olunub

19 dekabr 2018 | 16:00

Respublikamızın iri tütünçülük rayonlarından olan Zaqatalada builki mövsümdə 875 ton quru tütün istehsal olunub. Tütün əkinlərinə göstərilən yüksək aqrotexniki qulluq tədbirləri nəticəsində bu il əkin sahələrinin hər hektarından 13 sentner məhsul götürülüb. Məhsuldarlıq əvvəlki illə müqayisədə artıb. Ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər kənd əhalisinin məşğulluğunun təmin edilməsinə də müsbət təsir göstərib. Belə ki, 2018-ci ildə rayonda tütünçülük sahəsində 2252 nəfər işlə təmin olunub.

Xatırladaq ki, builki mövsümdə zaqatalalı fermerlər 677 hektar sahədə tütün yetişdiriblər. Əkin sahələrinin 542,4 hektarına “Virciniya” növlü ətirli, qalan sahələrə isə yerli tütün sortları əkilib. Sahələrdən yığılan “Virciniya” növlü tütün rayonun Aşağı Tala kəndində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinin odla tütünqurutma kameralarında, yerli sortlar isə fermerlərin özləri tərəfindən ipə düzülməklə açıq hava şəraitində qurudulub.

Builki mövsümdə zaqatalalı fermerlər məntəqəyə 5 min 236 ton yaşıl tütün kütləsi təhvil veriblər. Eyni zamanda, cari mövsümdə məntəqədə 632 ton quru tütün istehsal olunub.

Keçidlər