Şriftin ölçüsü :

Saytın rəngi :

“Qızılgüllər diyarı” Zaqatala ilə tanışlıq tur-aksiya iştirakçılarında zəngin təəssürat doğurub

16 mart 2018 | 16:00

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Gəncə şəhərinin, Gədəbəy, Göygöl, Samux, Şəmkir, Goranboy, Kəlbəcər, Xocalı və Tərtər rayonlarının məktəbliləri martın 16-da, günün ikinci yarısında Zaqatala rayonuna gəliblər.

Tur-aksiya iştirakçıları Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri tərəfindən qonaqpərvərliklə qarşılanıblar.

Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova məktəblilərə rayonun tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə məlumat verib. Bildirilib ki, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında yerləşən, 128 min nəfərə yaxın əhalisi olan Zaqatala rayonunda 20-dən çox xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində yaşayır.

Diqqətə çatdırılıb ki, Zaqatala rayonunun iqtisadiyyatında tütünçülük, meyvəçilik, o cümlədən fındıqçılıq, baramaçılıq, gülçülük mühüm yer tutur. Rayonda illik istehsal gücü 3500 ton olan tütün emalı zavodu, həmçinin tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərir. Yeni inşa edilən qızılgül yağı istehsalı müəssisəsində cari mövsümdən etibarən məhsul istehsalına başlanılacaq.

Sonra məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, Mərkəzdə müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Binanın birinci mərtəbəsindəki ekspozisiya zalında Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Binada, həmçinin akt və konfrans zalları, elektron kitabxana, kinozal, müxtəlif dərnək otaqları, fotostudiya və poliqrafiya emalatxanası yerləşir. Mərkəzdə fəaliyyət göstərən rəqs, rəsm, gitara, gənc fotoqraf, dekorativ tikmə, xalçaçılıq və toxuculuq dərnəklərində hər gün xeyli sayda yeniyetmə və gənc məşğul olur.

Zaqatala Tarix-Mədəniyyət Qoruğuna ekskursiya da maraqlı keçib. Ekskursiya zamanı məlumat verilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasında yerləşir. Çar hakimiyyəti tərəfindən Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin inqilabçı matrosları vaxtilə bu qalada məhbus kimi saxlanılıblar. Həmin matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin “Qalada üsyan” romanını yazıb və bu əsər əsasında “Yenilməz batalyon” bədii filmi çəkilib. Müstəqillik illərində ekranlaşdırılan “Cavad xan” filminin bəzi səhnələri də Zaqatala qalasında və onun ətrafında lentə alınıb.

Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkını ziyarət ediblər. Diqqətə çatdırılıb ki, 1947-ci ildə salınan parkın ərazisi 13 hektardır. Burada 27 növ ağac var.

Məktəblilər məşhur “Qaladüzü pilləkənləri”ndən düşərək Zaqatala şəhərinin tarixi hissəsinə - Dədə Qorqud meydanına gəliblər.

Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı bildirilib ki, 1967-ci ildə yaradılan muzeydə 16 minə yaxın eksponat nümayiş etdirilir.

Zaqatalaya səfər çərçivəsində məktəblilər Əliabad qəsəbəsində fəaliyyət göstərən fındıq emalı zavodunda da olub, istehsal prosesi ilə maraqlanıblar. Məlumat verilib ki, zavodda istehsal olunan fındıq ləpəsi əsasən Rusiya, Almaniya, İtaliya və digər Avropa ölkələrinə ixrac edilir. Azərbaycanda fındıq istehsalının böyük bir hissəsi Zaqatala rayonunun payına düşür. Ötən il rayonun fındıq bağlarından 13 min tondan çox məhsul tədarük olunub. Fındıq və fındıq məhsullarının ixracından respublikamıza 124 milyon manatdan çox vəsait daxil olub.

Tur-aksiya iştirakçıları “Qızılgüllər diyarı” Zaqataladan zəngin təəssüratlarla ayrılıblar.

Keçidlər