Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın “Ot kökləri və insan təhlükəsizliyi” üzrə qrant yardımı proqramı çərçivəsində altı layihə imzalanıb

06 mart 2018 | 16:00

Yaponiyanın Azərbaycandakı səfirliyində “Ot kökləri və insan təhlükəsizliyi” üzrə qrant yardımı proqramı çərçivəsində altı layihənin imzalanma mərasimi keçirilib.

Müqaviləyə əsasən Qazax rayonunun Yuxarı Salahlı və Oğuz rayonunun Muxas kəndlərində tibb məntəqələri tikiləcək. Zaqatala rayonunun Qandax və Kəpənəkçi kəndlərində, Balakən rayonunun Mahamalar və Hənifə kəndlərində, Şamaxı rayonunun Ovçulu kəndində su təchizatı sistemi təkmilləşdiriləcək. Bundan başqa, Zaqatala rayonunun Aşağı Tala və Qax rayonunun Cəlayir kəndlərində ikinci əl təcili tibbi yardım maşını təqdim olunacaq. Altı layihənin ümumi məbləği 488 min 816 ABŞ dolları təşkil edir. Layihələrin icrası sözügedən regionlarda su probleminin aradan qaldırılmasına və ilkin tibbi yardım xidmətinin yaxşılaşdırılmasına imkan verəcək.

Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyev, Qax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tərlan Əhmədzadə, Balakən Rayonu İcra Hakimiyyətinin Hənifə kənd icma nümayəndəsi Rasim Balagözov və layihələri icra edən “Azərbaycan icma inkişafı üzrə araşdırmalar, təlim və resurs mərkəzi” İctimai Birliyinin sədri Yasin Dadaşov, “Kənd inkişafına dəstək” İctimai Birliyinin sədri Sübhan Əsgərov, “Qərb-Resurs” Vətəndaşı Cəmiyyətinin inkişafına dəstək İctimai Birliyinin sədri Ramil Göyuşov, “Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu”nun sədri Sabit Bağırov iştirak ediblər. Layihələr üzrə qrant müqavilələri səfir Teruyuki Katori və adı çəkilən təşkilat rəhbərləri tərəfindən imzalanıb.

Səfir Teruyuki Katori layihələrin icrası nəticəsində sözügedən regionlarda su təchizatı sisteminin və tibb məntəqələrinin təkmilləşdiriləcəyinə ümid etdiyini bildirib. Yaponiyanın Azərbaycanda həyata keçirdiyi layihələrdən danışan səfir bildirib ki, bu layihələrə yolların çəkilməsi, elektrik stansiyalarının tikilməsi və s. daxildir. Azərbaycanda həyata keçirilən bu layihələrin sayı 240-a çatır.

Keçidlər