Şriftin ölçüsü :

Saytın rəngi :

Yola saldığımız 2017-ci il Zaqatala rayonunun həyatında əlamətdar və yaddaqalan hadisələrlə zəngin olub

30 dekabr 2017 | 16:00

Yola saldığımız 2017-ci il Zaqatala rayonunun həyatında əlamətdar və yaddaqalan hadisələrlə zəngin olub. Zaqatalalılar il ərzində ayrı-ayrı sahələrdə yüksək nailiyyətlər əldə edib, rayonun sosial-iqtisadi inkişafına layiqli töhfələrini veriblər.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Zaqatalada keçirilən “Arzu təzə, il təzə” adlı bayram tədbirində 2017-ci ildə respublikamızın, eləcə də Zaqatala rayonunun həyatında baş verən yeniliklərdən, qazanılan uğurlardan ətraflı bəhs edilib.

Rayon fəallarının, ağsaqqal və gənclərin qatıldığı bayram tədbirində çıxış edənlər 31 dekabrın Azərbaycan xalqının tarixində ən yaddaqalan və şərəfli günlərdən biri olduğunu vurğulayıblar. Bildirilib ki, müstəqilliyinin əbədiliyini və dönməzliyini bütün dünyaya elan edən Azərbaycan Respublikasının vətəndaşları, eləcə də Yer kürəsinin müxtəlif guşələrində yaşayan 50 milyondan artıq azərbaycanlı hər il bu tarixi günü böyük həvəslə qeyd edir.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində son illər Azərbaycanın bütün regionlarının, o cümlədən Zaqatala rayonunun sosial-iqtisadi və mədəni həyatında böyük dəyişikliklər baş verib, əhalinin güzəranı daha da yaxşılaşıb. 2017-ci il zaqatalalılar üçün həm də Prezident İlham Əliyevin rayona növbəti səfəri ilə əlamətdar və yaddaqalan olub. Avqustun əvvəlində gerçəkləşən səfər zamanı dövlətimizin başçısı bir sıra istehsal müəssisələrinə baş çəkib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rəngarəng konsert proqramı ilə davam edən bayram tədbirinin sonunda 2017-ci ildə rayonun ictimai-siyasi, sosial-iqtisadi, idman və mədəni həyatında fərqlənən zaqatalalılara rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər