Şriftin ölçüsü :

Saytın rəngi :

Əsaslı təmir olunan Zaqatala Uşaq İncəsənət Məktəbinin binası istifadəyə verilib

27 dekabr 2017 | 16:00

Zaqatala Uşaq İncəsənət Məktəbinin binası əsaslı təmirdən sonra dekabrın 27-də yenidən şagirdlərin istifadəsinə verilib.

Bu münasibətlə keçirilən mərasimdə məktəbin direktoru Fərhad Acırqayev zəngin musiqi ənənələri olan tədris ocağının keçdiyi şərəfli yol barədə qısa məlumat verib. Bildirilib ki, 1953-cü ildən fəaliyyət göstərən məktəbdə hazırda 9 ixtisas üzrə 624 şagird təhsil alır. Məktəbin yetirmələri respublika səviyyəli müsabiqələrdə, tədbirlərdə həmişə fəallıq göstərir, uğur qazanırlar.

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, son illər rayonda təhsil və mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb, kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, 60 ildən çoxdur fəaliyyət göstərən məktəb indiyədək əsaslı təmir olunmayıb. İncəsənət məktəbində əsaslı təmir işlərinə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2017-ci ilin yanvarında başlanılıb və təmir işləri yüksək keyfiyyətlə aparılıb.

Tədbir məktəbin şagirdlərinin hazırladığı konsert proqramı ilə başa çatıb.

Keçidlər