Şriftin ölçüsü :

Saytın rəngi :

Ali məktəblərə qəbul olan zaqatalalı gənclərdən 23-ü xaricdə təhsil alacaq

09 sentyabr 2017 | 16:00

Bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 455 zaqatalalı məzundan 381-i tələbə adını qazanıb. Onlardan 23-ü xaricdə təhsil alacaq. Bundan əlavə, əvvəlki illərin məzunlarından da 20 nəfər ali məktəblərə daxil olub. Qəbul imtahanlarında 19 məzun 600 baldan yuxarı, 46 məzun isə 500-600 bal arasında nəticə göstərib.

Bu faktlar sentyabrın 9-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində builki qəbul imtahanlarının nəticələrinə əsasən tələbə adını qazanmış məzunlarla rayon ictimaiyyətinin görüşü zamanı səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Rayon təhsil şöbəsinin müdiri Habil Qurbanov qəbul imtahanlarında zaqatalalı məzunların qazandıqları uğurlar barədə danışıb. Diqqətə çatdırılıb ki, qəbul imtahanlarında şəhər 3 nömrəli tam orta məktəbin məzunu Səyyad Yusifli rayon üzrə ən yüksək nəticə (690 bal) göstərərək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub. Aşağı Tala kənd 5 nömrəli tam orta məktəbin məzunu Aynur Abdullayeva 682 balla Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub. Humanitar Fənlər Gimnaziyasının məzunu Şahin Umuxanov və Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin məzunu Əfruz Hüseynova qəbul imtahanlarında 680 bal toplamağa müvəffəq olublar.

Görüşdə akademik Zərifə Əliyeva adına Liseyin direktoru Kəmalə Əhmədova, valideynlər adından Məftunə Yusifli və yüksək bal toplayan məzun Aynur Abdullayeva ölkəmizdə təhsilə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova ali məktəblərə daxil olan məzunları təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.

Sonda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara və bir qrup qabaqcıl təhsil işçisinə hədiyyələr və fəxri fərmanlar təqdim olunub.

 

       

 

 

 

Keçidlər